"Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Son dövrlərdə kazinolarla bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri hesab edir ki, Azərbaycanda kazinoların leqallaşdırılması turizmə və iqtisadiyyata müsbət təsir edə bilər. Amma mən düşünürəm ki, bu məsələyə bir az daha dərin və realist yanaşmaq lazımdır". Bu sözləri SİA-ya danışan turizm eksperti Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, Azərbaycanda, doğrudan da, kazinolara ehtiyac varmı, deyə sual verək: "Məncə, bu suala birmənalı “bəli” demək çətindir. Turizmin inkişafı üçün çox vacib və daha əsas məsələlər var ki, hələ tam həll olunmayıb. Məsələn, vizaların sadələşdirilməsi, bəzilərinə viza rejiminin tamamilə aradan qaldırılması, beynəlxalq hava limanlarımızın daha səmərəli və sərnişin dostu işləməsi turizmi canlandırmaq üçün daha real və təcili addımlardır. Xarici turist gəldikdə, ilk qarşılaşdığı şey viza prosedurudur, sərhəddəki münasibətdir, nəqliyyat rahatlığı və xidmət keyfiyyətidir. Əgər bu sahələrdə problemlər qalırsa, kazino açmaqla turist axınını birdən-birə artırmaq mümkün olmayacaq. Əlavə olaraq, Azərbaycanda istirahət mərkəzlərinin, hotellərin, dağ və ekoturizm imkanlarının daha yaxşı təşkili, mədəniyyət və tariximizin xaricə daha peşəkar təqdimatı da vacibdir. Bu sahələrdə potensial çoxdur və hələ tam istifadə olunmayıb. Kazino isə mənim şəxsi fikrimcə, turizmin inkişafında birinci dərəcəli faktor deyil. O, ola bilər ki, əlavə bir element kimi rol oynasın, amma turizmin əsas sütunlarından biri ola bilməz. Üstəlik, qumarın yayılması ilə bağlı sosial risklər də az deyil, asılılıq, ailə problemləri, maliyyə çətinlikləri və s.
Yekunda demək istərdim ki, kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər, amma ondan əvvəl görülməli olan çox sayda vacib işlər var. Əgər bu əsas məsələlər həll olunmasa, kazino turizmi gözlənilən effekti verməyəcək. Azərbaycan son illərdə özünü dünyada daha çox turizm ölkəsi kimi təqdim etməyə çalışır. Gürcüstan kimi bəzi qonşu ölkələr kazino turizmi ilə tanınsa da, Azərbaycan fərqli yol seçib: burada məqsəd yalnız qısa müddətli gəlir deyil, uzunmüddətli və dayanıqlı turizm modelidir. Ölkəmiz bu istiqamətdə hansı turizm məhsullarını önə çıxarır?
Azərbaycan daha çox:
Konqres və tədbirlər turizmi (konqreslər, biznes forumlar),
Mədəni-tarixi turizm (Qobustan, İçərişəhər, Şəki, Lahıc və s.),
Gastronomiya turizmi (milli mətbəximizin zənginliyi),
Qış və ekoturizm (Şahdağ, Tufandağ, Laza, Qəbələ dağlıq əraziləri),
Termal və sağlamlıq turizmi (Naftalan və s.) kimi sahələrdə öz brendini formalaşdırmağa çalışır. Bu, daha dərin və sabit gəlir gətirən bir modeldir, çünki mədəni və ekoloji turizm həm də ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir.
Amma məsələ burasındadır ki, kazino da dünya turizmində inkar olunmayan bir komponentdir. Bəzi ölkələrdə, o cümlədən BƏƏ, Sinqapur, Monako və Gürcüstanda bu sahə xarici valyuta axını üçün ciddi bir qaynaqdır. Bəli, kazino biznesi böyük maliyyə dövriyyəsinə malikdir və bəzi vətəndaşlarımız da hazırda bu səbəbdən Gürcüstana və digər ölkələrə səfərlər edirlər. Bu da o deməkdir ki, Azərbaycan vətəndaşının pulu ölkədən çıxır və başqa bir ölkənin iqtisadiyyatına daxil olur".
"Əgər ölkəmizdə bu sahə tamamilə qadağan olunubsa, biz sadəcə öz vətəndaşımızın sərmayəsini xaricə ötürmürükmü? Əgər nəzarətli və qanun çərçivəsində, müəyyən ərazilərlə məhdudlaşdırılmış şəkildə leqallaşdırılsa, bu vəsait ölkə daxilində qala bilərmi? Qeyd etmək lazımdır ki, əgər kazino məsələsi sadəcə turizm müxtəlifliyi baxımından nəzərdən keçirilirsə, bu zaman onun yalnız müəyyən istisna ərazilərdə yerləşməsi vacibdir. Bu cür məkanlar ictimaiyyət üçün geniş şəkildə əlçatan olmamalı, daha çox xarici turistlərə və xüsusi turizm məqsədlərinə yönəlmiş olmalıdır. Təbii ki, belə bir fəaliyyətin sosial cəhətdən mənfi nəticələri də ola bilər. Qumar asılılığı, ailədaxili problemlər və maliyyə sıxıntıları kimi hallar nəzərə alınmalı, buna qarşı qabaqlayıcı addımlar atılmalıdır. Məhz buna görə də kazino fəaliyyətinin mümkünlüyü yalnız sərt nəzarət mexanizmləri, aydın qaydalar və mərkəzləşdirilmiş idarəetmə ilə həyata keçirilməlidir. Əgər bu istiqamətdə addım atılacaqsa, əvvəlcədən konkret bir strategiya hazırlanmalı, geniş analizlər aparılmalı və hədəf bazarları düzgün müəyyənləşdirilməlidir. Məsələn, hansı ölkələrdən turistlər sırf oyun məqsədi ilə Azərbaycana gəlməyə maraqlıdırlar? Bu bazarlar nə qədər genişdir? Və bu fəaliyyət doğrudan da iqtisadi baxımdan gəlirli ola bilərmi? Mən şəxsən düşünürəm ki, Azərbaycanda bu sahəyə ehtiyac çox böyük deyil, lakin sırf turizm məhsullarının çeşidliliyi baxımından bu mövzu araşdırılmağa və qiymətləndirilməyə dəyər. Yəni, bu sahə hər şeydən əvvəl elmi əsaslarla analiz olunmalı və yalnız real potensial varsa, məhdud çərçivədə nəzərdən keçirilə bilər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə