Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qarlı havada işini necə qurub? - QURUMDAN AÇIQLAMA

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında ADSEA-nın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə müşahidə olunan hallardan biri də donvurmalardır. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Belə şaxtalı günlərdə tövsiyə edirik ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.

Donvurmalarla bağlı bu günlər ərzində Xidmətə olunan müraciətlər əsasında müxtəlif rayonlar üzrə sukanal idarələrinin qəza briqadaları gücləndirilmiş iş rejimində çalışır. Hər hansı çağrı Xidmətə daxil olan kimi əməkdaşlar əraziyə cəlb edilərək vətəndaşlara köməklik göstərirlər.
Həmçinin istehlakçıların diqqətinə onu da çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqaları ilə əhatə olunması tövsiyə edilir.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə