Aldadıcı bank reklamları nə zamana qədər davam edəcək? - İQTİSADÇI FİKRİ
"Banklarda kredit satışı ilə bağlı müxtəlif kampaniyalar keçirilir. Ola bilsin ki, bir çox hallarda göstərilən faiz həqiqəti əks etdirmir. Amma bir çox hallarda vətəndaş reklam olunan banklara inanır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, vətəndaşlar reklam vasitəsi ilə gördükləri banklara yaxınlaşır və orada qiymətləndirmə aparıldıqdan sonra, başqa faizlər ortaya çıxır. "Bunun isə bir neçə səbəbi var. Bəzi banklarda baxırıq ki, müəyyən reklam həmləsi kimi göstərilən faiz dərəcələri göstərilir. Amma bəzi köklü banklarda isə bunun obyektiv səbəbləri olur ki, vətəndaşa reklam olunan faiz əmsalı başqadır, amma bankın özündə olan faiz əmsalı isə tam başqadır. Lakin banklarda vətəndaşlar müraciət etdikdə, banklar həmin şəxslərin götürmək istədikləri məbləğin ödəmə qabiliyyətini nəzərə alaraq onların araşdırılmasını həyata keçirir. Hətta qanunvericilikdə olan yeni dəyişikliklər də oldu. Bildiyiniz kimi soisal şəbəkələrdə kredit götürülməsi mövcuddur. Artıq insanlar banklara getmədən çox rahatlıqla kredit götürə bilirlər. Bununla bağlı daha bir məsələni də qeyd edə bilərəm ki, kredit götürərkən banklarda müəyyən komissiyalarda olur, özünün sığorta şərtləri də olur. Bəzən bir çox hallarda ödəmə qabiliyyətindən asılı olaraq orada müəyyən faizlər müəyyənləşdirilir, yəni verdikləri vəsaitin öncədən ilk aylardan, ilk ildən geri qaytarılmasını təmin etmək məqsədi ilə kredit verilir və bununla da yüksək faizlər baş alıb gedir. Bir çox hallarda da, reklam olunan faizlərlə, banklarda olan faizlər başqa olur. Bununla da insanlar üçün bir çox hallarda çətinlik yaranır və insanlarda məcbur olaraq krediti götürmək üçün hansı faiz dərəcəsindən asılı olmayaraq razı olur. Onu da deyə bilərəm ki, Azərbaycanda hal-hazırda bir çox ölkələrdən fərqli olaraq faiz dərəcəsi çox yüksəkdir. Baxsaq görərik ki, bu faizlər hətta 36 faizə qədər gəlib çıxır. Bununla bağlı düşünürəm ki, Mərkəzi Bankın reqlamentlərində dəyişikliklər edilməlidir. Qanunvericilikdə konkret olaraq bu faizlərin alt-üst limiti müəyyənləşdirilməlidir. İlkin olaraq bəzi addımlar atılmalıdır ki, daha sonra nəzarət mexanizmi işə düşsün".
Bütün xəbərlər Facebook səhifəmizdə