"Günay Bank"ın bağlanması sektora necə təsir edəcək? - SORĞU

Mayın 17-də Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. AMB-nin açıqlamasında qeyd edilir ki, qərarı İdarə Heyəti verib.

Bankın bağlanması məcmu kapitalının tələb olunan minimum miqdardan az olması ilə əsaslandırılıb. Habelə qərar bankın cari fəaliyyətini etibarlı və prudensial (təhlükəsiz) qaydada həyata keçirməməsi ilə izah edilib. SİA mövzu ilə bağlı sorğu keçirib.

“Günay Bank”ın lisenziyasını ləğv etmək səviyyəsində ciddi problemi olmayıb. Əsl məqsəd ölkədəki bankların sayını azaltmaqdır. Çünki Azərbaycanın bank sektoru inhisarlaşmaya meyillidir. Mərkəzi Bankın iddia etdiyi kimi kapital problemi varsa belə, “Günay Bank” ötən həftə elan etmişdi ki, iyulun 5-də səhmdarların ümumi yığıncağını keçirəcək və kapitalını artıracaq”. Bu sözləri bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Hüquqşünas bildirir ki, Azərbaycanda 4-5 böyük, inhisarçı bank var: “Məqsəd bazarda onların mövqeyini daha da gücləndirməkdir. Vətəndaşların “Günay Bank”dakı əmanətlərinin aqibətinə gəlincə, burada böyük problem yaşanmayacaq. Çünki banklara qoyulan əmanətlərin hamısı sığortalanır. Problem sahibkarlar üçün yaradılacaq. Digər bağlanan bankların taleyindən, aqibətindən bilirik ki, onların pulu, adətən, batır. Yəni Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarır, lakin sonra bankın qalan əmlakının başına “daş salıb”, müxtəlif maliyyə maxinasiyaları edir. Bunu əmlakı alt qatnan satmaqla, kreditlərin qayıtmasında borcalanlarla sövdələşməyə getməklə, xərcləri şişirtməklə və s. yollarla edir”.

Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı Xalid Kərimli qeyd edib ki, “Günay Bank”ın bağlanmasının Azərbaycan bank sektoruna ciddi mənfi təsiri olmayacaq: “Çünki “Günay Bank” bu sektorda aparıcı oyunçu deyildi. Bank sektorunda cəmi depozit portfelinin 0,6 faizi “Günay Bank”ın payına düşmüşdü. Strukturuna baxdıqda görürük ki, orada bir neçə depozitlərin böyük vəsaiti var. Qalan vəsaitlər kiçik həcmlərdə toplanılır və depozitlərin sığortalanması fondu onları vaxtlı-vaxtında qaytaracaq. Onsuzda “Günay Bank” əvvəldən riskli bank hesab edilirdi. Bank sektorunda nə böyük öhdəlikləri, nə də ciddi payı yox idi. Ona görə də bu bankın ləğvi sektorda ciddi problemlər yaratmayacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə