Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir

Ötən həftə ölkəmizin enerji diplomatiyası tarixinə yeni bir uğur səhifəsi əlavə olundu. 03 fevral 2023-cü il tarixdə paytaxt Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı mərasimi baş tutdu. Tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak etdi. Eyni zamanda, İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olundu. İştirakçı sayları və iştirakçı profillərinin müxtəlifliyi tədbirə olan yüksək marağın əyani təzahürü kimi çıxış etdi.

Bəli, hazırda dünyada baş verən mürəkkəb proseslər fonunda enerji təhlükəsizliyi məsələsinin ölkələr üçün milli təhlükəsizlik məsələsi olduğu hər kəs tərəfindən qəbul olunan reallıqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaqdır. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik günümüzün əsas reallıqlarındandır. Bu çağırışlar kompleks siyasətə və tənzimləyici qaydaların tətbiq olunmasına kəskin tələb yaratmışdır. Belə bir vəziyyətdə ölkə başçımız tərəfindən Azərbaycan adından Avropa bazarına təbii qazının nəqli barədə verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi. Bu həm də həmişə olduğu kimi bu gün də Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğunu sübut etdi. Ötən il bu istiqamətdə bir neçə vacib addım atıldı. Belə ki, 18 iyul 2022-ci il tarixdə imzalanan “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, 01.10.2022-ci il tarixdə açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru, 17.12.2022-ci il tarixdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” məhz bu addımlardandır. Şübhəsiz ki, bütün bu layihələr gələcək üçün böyük perspektivlər vəd etməkdədir.

Bütün bunların fonunda 03 fevral tarixdə baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu bir daha təsdiq etdi. İclasda geniş nitqlə çıxış edən Azərbaycan Prezidentinin nitqi isə sadəcə bugünkü vəziyyətin təhlili baxımından deyil, eyni zamanda, perspektivlərin planlaşdırılması baxımından da əhəmiyyətli oldu. Ölkə başçımız nitqi zamanı vurğuladı ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. Həqiqətən də ötən dövrdə enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb və bu gün enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizlik səviyyəsindədir. Məlumdur ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan TAP kəməri 2020-ci ilin son günündə, Azərbaycan xalqının milli həmrəylik günündə istismara verilmişdir. İstismara başlamasından iki il kimi qısa müddət sonra isə artıq onun genişləndirilməsi istiqamətində əməli tədbirlər görülür. Bu, layihəyə olan kəskin tələbin xəbərçisidir. Beləliklə, bu günə qədər ölkəmiz tərəfindən icra olunan digər layihələr kimi bu layihə də özünü tam mənası ilə doğrultdu. Uğurla icra olunan təbii qaz layihələri ilə yanaşı hazırda ölkəmizin bərpaolunan enerji potensialı da olduqca maraq cəlb etməkdədir. Bu Azərbaycanın gələcəyə baxışını ifadə edir. Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da bunun təzahürüdür. Hələlik bu layihədə cəmi dörd ölkə təmsil olunsa da gələcəkdə bununla bağlı yüksək perspektiv olduğu demək olar ki, şübhə doğurmur. Nitqinin sonunda dövlət başçımız əminliyini ifadə etdi ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır.

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə