“Nizami Gəncəvi yaradıcılığına ümumi baxış” - Tədbir

Aprel 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Elmi-kütləvi iş və təhsil” şöbəsi və muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşəbbüsü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi yaradıcılığına ümumi baxiş” adlı tədbir keçirilib.

“Azərbaycan” himni səsləndirildikdən sonra muzeyin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova iştirakçıları salamlayaraq tədbirin mövzusu barədə bəhs edib.

Ötən il qazanılan qələbə zəfərində Azərbaycan Respublikası Prezidenti, fədakar ordumuzun xidməti və xalqın dəstəyindən bəhs edən məruzəçi fədakar şəhidlərin xatirəsinin yaddaşımızda əbədi qalacağını bildirib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məruzəsinə davam edən Pərvanə Əzimova Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi barədə Sərəncamını izləyicilərin diqqətinə çatdırıb.

Daha sonra tanınmış şairin 880 illiyinə ilə əlaqədar videoçarx nümayiş etdirilmiş və tədbir iştirakçıları müxtəlif məzmunlu mövzular təqdim ediblər.

“Elmi-kütləvi iş və təhsil” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nizami yaradıcılığında maarifçilik” adlı məruzədə Milli Azərbaycan Tarixi Muzeyində qorunan ədəbiyyatlara istinadən Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərlərində diqqət etdiyi başlıca məqamları qeyd edib.

Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov “Nizami Gəncəvi yaradıcılığında müharibə və sülh məsələləri” adlı məruzədə şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirib.

“Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Nizami dövrü numizmatikası” adlı məruzədə şairin müasiri olan Azərbaycan atabəyləri dövründə Azərbaycanın pul təsərrüfatı və ticarət əlaqələrində istifadə edilən, hazırda muzeydə qorunan sikkələr haqqında bəhs etmiş, yaxın müddətdə muzeydə keçiriləcək Azərbaycan Atabəyləri sərgisində belə numizmatik faktların nümayiş ediləcəyini bildirib.

Tədbirin yekununda məruzə edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Bədii əlaqələr və komparativistika” şöbəsinin elmi işçisi Solmaz Azadova xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə