Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunur

İlahi hikmətlə yaradılmış təbiətin bənzərsiz gözəzlliyini görüb onu barmaqlarının ucuna süzdürə bilmək, fitrətən duyduqlarınından sehrli əlin duyumu ilə kətan üzərində həyat tablosu yaratmağın özü də sirri, hikməti açılmamış İlahi hikmətdir!!! Eşq olsun Hikmət Sahibinə!!! (Rafiq Rəhimli.)

Əmircan kəndində dünyaya göz açan Səttar Bəhlulzadə 1927-1931-ci illərdə Bakı rəssamlıq məktəbində, 1933-1940-cı illərdə Moskvada V.İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil alıb. Qrafika fakültəsinə qəbul olunsa da, bir qədər sonra rəngkarlıq fakültəsinə dəyişilib. V.A.Fazorski, L.A.Bruni, P.Y.Pavlinov, Q.M.Şeqal kimi sənətkarlardan dərs almışdır. Fitri istedad nəhəngləri sayılan dostları da olub.

İstedadlı şəxsiyyətləri çox sevirəm. Çünki onların hər birində Allahın qüdrət təcəssümündən bir parça qənirsiz yük var: bu, vergidir. Hər kəsə nəsib olmayan böyük istedad vergisi. Tarixin silinməz daş yaddaşına həkk olur belə yüklülər. Onu heç bir paxılın, heç bir oyunbazın oyunu silib təmizləyə bilmir, necə ki öz qəlblərinin kirli yüklərini təmizləyə bilmirlər. Mənim üçün saf bir təcəssüm yükü ilə yüklənənlərdən biri də Səttar Bəhlulzadədir.
Rəssam bizim gördüklərimizi daxili gözü ilə görüb, ağlının, zözqünün süzgəcindən ələlənləri sehrli əlinin duyumu ilə kətan üzərinə köçürürdü. Əgər barmaqlar ağlın və qəlbin istəyini duymursa, onun çəkdikləri adi insanın çəkdiklərindən heç nə ilə fərqlənməz. Fitri iatedad yüklü elə şəxsiyyətlər vardır ki, onlar hər yeni əsəri ilə yenidən mükəmməl şəkildə dünyaya göz açırlar. Bu firkin açıqlamasını Azərbaycanın qüdrətli rəssamlarından biri Səttar Bəhlulzadə özü belə verir: ”Mən iki dəfə doğulmuşam. Biri budur ki, əlim fırça tutan, ağlım rəngləri seçən, gözüm gözəlliyi görə bilən gündən rəssam Səttar doğulub. Bu tarixin gününü, ayını, ilini bilmirəm. Amma onu bilirəm ki, belə bir doğum günüm olub”.

Rənglərin qamması və kompozisiya düzülüşü ağıllı baxışın ağıllı zahiri təzahürüdür. Belə bir duyum çalarları ilə doğma yurdun təbiətini dəruni bir eşqlə sevmiş rəssam onun prototipini yaratmağa çalışmışdır. Nəticədə, qəlbindən barmaqlarına ötürülənlər nadir sənət incisinə çevrilmişdir.

Daha çox müraciət etdiyi mənzərə janrında çəkdiyi ”Suraxanının qədim odları”, “Əmircan kəndi”, ”Mərdəkan bağları”, “Mərdəkan”, “Bilgəh”, ”Gülüstan qalası”, ”Buzovna sahili”, ”Muğan söyüdləri”, ”Şahdağ”, ”Nardaran”, ”Bakı natürmortu”, ”Naxçıvan dağları”, ”Quba mənzərəsi”, ”Çəhrayı dağlar”, ”Laləli düz”, ”Çicək və meyvələr” və s. rəsm əsərləri doğma yurdunun fövqəladə təcəssümüdür. Və bu təcəssüm üçün saf bir istedad yükü ilə yüklü olmaq vacibdir. Səttar o yük sahiblərindən biri kimi, Azərbaycanın qənirsiz gözəlliklərini cansız əşyaya köçürərək bizimlə danışmağa məcbur etmiş, ictimai rəy oyatmağı bacarmışdır.

Natura çərçivəsinə sığmayan Səttar Bəhlulzadənin əsərləri ürək çırpıntılarının, duyğularının tablosudur. Biz onun həmin duyğularının ağuşuna sığınıb Səttar hərarətini hiss edirik. Deyirik ki, bizə Səttarın əvəzsiz rənggarlıq əsərləri qalıb. Bəlkə də səhv edirik. Bizə yadigar qalan Bəhlulzadə duyğularının əvəzsiz və tarixi çalarlarıdır. Bu rənglərin hər bir zərrəsində əlinin hərarəti, sevgi dolu nəzərlərinin şəfqəti yaşayır.

Rəssamın digər sənət sahiblərindən fərqi ondadır ki, o, hamının gördüyünə başqa gözlə baxır və ya heç kəsin görmədiyini görə bilir. Səttar elə sənətkarlardan idi ki, adidə də qeyri-adilik görə bilirdi. Essemi görkəmli Azərbaycan teatrşünası, sənətşünaslıq doktoru professor İlham Rəhimlinin “Səttar dünyası” (Bakı, “İşıq” nəşriyyatı, 1990) kitabından əxz elədiyim fikirlərlə bitirmək istəyirəm, çünki Bəhlulzadənin parlaq yaradıcılığının mahiyyəti onun öz sözləri ilə açılır:

“Çox vaxt məndən soruşurlar ki, nə üçün əsərlərimdə insan surəti yoxdur?

Cavab verirəm:

-Mən həm sənətimi, həm də həyatımı doğma Azərbaycan təbiətinin tərənnümünə həsr etmişəm. Təbiətdə də belədir ki, iki cür gözəllik olur: bir onun bəşər əli toxunmayan bakirə hüsnü, bir də insan zəhmətinin ona verdiyi gözəllik. Mən insan əməyini, onun bitib-tükənməyən qüdrətini tərənnüm edirəm. Deməli, əgər əsərlərimdə insan yoxdursa da, ancaq onun ruhu bütün tablolarımın canıdır.

Rəssam var ki, ideyanı qələmə alir, rəssam da var ki, emosiya və həyəcanı. Mən ikincidənəm.
Böyük sənətkar yalnız o zaman adlana bilərsən ki, görmək və eşitmək istədiyini yaratmaq qüdrətin ola.
Mənim bir rəssam kimi yetişməmdə üç müdrik sənətin böyük təsiri olub: qədim xalça və miniatür sənətimiz, bir də Füzulinin odlu-alovlu poeziyası.

Yüksək hiss və duyğu!

Bu iki gözəl nemət olmasa əsl sənətkar olmaq mümkün deyildir.”

İki gözəl neməti ilə saf bir təcəssüm yüklü Səttarımız müstəqil Azərbaycanın qızıl tarix səhifəsində öz mübarək məkanında əbədi qorunmaqdadır.

Rafiq Rəhimli,
Əməkdar Mədəniyyət İşçisi

Bütün xəbərlər Facebook səhifəmizdə