“Sübhün səfiri” gəlir FOTO

Dekabrın əvvəlində "Sübhün səfiri" adlı tammetrajlı bədii filmin təqdimatı olacaq. SİA-nın məlumatına görə, film dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilib. ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.Filmin rejissoru xalq artisti Ramiz Həsənoğlu, ssenari müəllifi Anar Rzayev, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Adil Qulamovdur.

Yeni filmin çəkilişləri Bakıda, M.F.Axundzadənin doğulduğu Şəkidə, eləcə də Tbilisi və İstanbul şəhərlərində aparılıb. Filmdə təqribən 90 aktyor rol alıb. Mirzə Fətəli Axundzadənin uşaqlıq illərini 11 yaşlı Tofiq Əliyev, gənclik illərini Nicat Həbibov, yaşlı Axundzadəni isə xalq artisti Rasim Balayev canlandırır.

"Sübhün səfiri" filmində, həmçinin xalq artistləri - Fəxrəddin Manafov, Ramiz Əzizbəyli və Rafiq Əliyev, əməkdar artistlər - Məmmədsəfa Qasımov, Məlahət Abbasova çəkilmişlər.

Filmdə habelə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları - xalq artistlərii Aleksandr Şarovski və Məbud Məhərrəmov, Yuri Baliyev, Oleq Əmirbəyov və başqaları rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə