Beyinə qoyulan kapital heç vaxt itmir

Mənə bir hərf öyrədənin köləsi olaram.

İmam Həzrəti Əli

Bir müddətdir ki, Azərbaycan təhsilində əvəzsiz xidmətləri olan, minlərlə insanlara ingilis dilinin incəliklərini öyərədən Şərqiyyə müəllimə Məhərəmovaya həsr etdiyim “Müəllim, qaranlığı yaran işıq deməkdir” adlı bədii, sənədli povest və ona həsr olunan xatirə toplusu kitabım üzərində işləyirəm. İnanıram ki, bu kitab müəllimlərə və onların çox çətin, şərəfli peşəsinə həsr olunan maraqlı bir kitab olacaq. Belə ki, burada müəllimlərin zəhməti, onlara münasibət və düşüncə tərzlərinə həsr olunan fikirlər, kəlamlar, valideynin övlad qarşısında müqəddəs rolu, borcu kitab boyu lazım olan səviyyədə işlənilib. Dahi Yunan filosofu Sokrat deyirdi ki, “ Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz”. Məşhur Mustafa Kamal Atatürk isə deyirdi: “ Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”. Dahi Adolf Disterberq isə daha maraqlı fikir deyib: “ Müəllimlərindən işgəncə görməyən, həyatda zülm çəkər”. Eləcə də bu kitabda, yuxarıda yazdığım kimi valideyn-övlad münasibətləri də lazım olan kimi yer alıb. Övladın valideynə münasibəti, valideyni sevməsi, onu Allahdan sonra ikinci varlıq bilməsi bütün kitab boyu bir qırmızı xətt kimi keçir.

Yazdığım həmin kitabdan bu yazını isə belə fikirləşdim ki, oxucular ayrıca bir yazı kimi oxusunlar. Və bu gün övlad tərbiyəsində, övladın böyüməsində valideynin necə rolu olduğunu oxusunlar. Çünki bu gün valideynlərimizin çoxu övladlarını Allahın və müəllimlərin ümidinə buraxıblar. Ona görə də övladlarımız lazım olan kimi təhsil almır və müstəqillik dövrümüzdə savadsızlıq, təhsilin səviyyəsinin aşağı olması məmləkətimizdə böyük problemlərə çevrilir.

- Salam, Mətləb bəy. Mən ilk öncə sizə təşəkkürümü bildirirəm ona görə ki, bu kitabın yazılmasının ideya müəllifi siz olubsunuz. Yəni siz mənə təklif elədiniz ki, Şərqiyyə müəllimə və ümumiyyətlə, təhsillə bağlı belə bir kitab yazım. Elə bil siz mənə imkan verdiniz ki, illərlə müəllimlə bağlı fikirlərimi mən bu kitabda reallaşdırım. İlk öncə istəyirəm ki, oxucular da burada sizinlə tanış olsunlar. Ona görə də özünüz haqqında qısa məlumat verin.
- Mən Mətləb Möhübbət oğlu Məhərrəmov 1968-ci ilin sentyabr ayının 8-də Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhərindəki 15 nömrəli tam orta məktəbdə təhsil almışam. Biz on beşinci buraxılış olmuşuq. Həm də bir sinifdə on beş qız, on beş oğlan oxumuşuq. Ona görə on beş rəqəmi mənim üçün ən düşərli rəqəmdir. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirmişəm. İki il ordu sıralarında qulluq etmişəm. 1991-ci ildən bu günə qədər də maliyyə sistemində çalışıram. Bu sahədə veteran mütəxəssis sayılıram.

- Siz özünüz övlad olmaqla yanaşı, həm də valideynsiniz. Bir ziyalı kimi valideyn sözünü siz necə xırdalayarsız və cilalayarsız? Ümumiyyətlə, valideyn sizin fikrinizcə kimdir?
- Çox maraqlı sualdır. Valideyn haqqında çox söz, çox kəlam demək olar. Amma mən bir şeyi demək istəyirəm. Mən beş il ali məktəbdə axşam şöbəsində təhsil almışam. Hər gün səhər saat 7-də yuxudan durmuşam. Səhər yeməyimi yeyib işə getmişəm. İş yerimdən də bir saat işdən tez icazə alıb, Bakıya ali məktəbə dərsə getmişəm. Çünki axşam şöbəsində oxuyurdum. Axşam saat 7-də dərsimiz başlayırdı. Dərslərimiz də gecə saat 10-da qurtarırdı. Gecə saat on ikidə, birin yarısında Bakıdan Sumqayıta, evə gəlib çatırdım. Bu müddət ərzində mən axşam evə gələndə beş ildə bir dəfə də olmayıb ki, görüm anam yatıb. Həmişə mən evə gələndə məni o qarşlayırdı və mənim yeməyimi də özü verirdi. Ac da olsam, tox da olsam mən həmin yeməyi yeməmiş yata bilmirdim. Əlbəttə, yorğun olduğuma görə şalvarı bir tərəfə, köynəyi, pencəyi bir tərəfə, corabları bir tərəfə atıb, yatırdım. Səhər yuxudan duranda görürdüm ki, köynək, şalvar ütülü, təzə corablar səliqə ilə qoyulub və səhər yeməyim də stolun üstündə hazırdır. Hər gün də belə idi. Və o vaxt fikirləşirdim ki, belə də olmalıdır. Yeməyimi yeyib, paltarımı geyib işə gedirdim. Günorta orada, iş yerimdə çörəyimi yeyib, işin sonuna bir saat qalmış icazə alib, Bakıya ali məktəbə gedirdim və evə gələndə də görürdüm ki, yenə də yeməyim hazırdır. Bir dəfə də olsun ki, anam mənə deməyib və sual verməyib ki, sən paltarlarını niyə belə hara gəldi atırsan? Ya da sənə axşam, səhər yeməyi hazırlamamışam. Özün nə istəyirsən tap, bişir ye. Özü də həmin vaxtı mənim anam Sumqayıt Kimya-Texnalogiya Texnikumunda ingilis dilindən dərs deyirdi və dərsləri də çox olurdu. İndi mən belə valideynin qədrini necə bilməyə bilərəm? Bizi göz bəbəyi kimi qoruyan belə valideynləri necə sevməmək olmaz? İndi mən özüm valideynəm və bir daha başa düşürəm ki, onlar bizi böyütmək üçün hansı əzabları çəkiblər... Ona görə də valideyn bir uca dağdır. Sən həmin dağdan uzaqlaşdıqca onun əzəmətini daha yaxşı görürsən. Həmin dağ haqq dünyasına qovuşanda isə yanıb-yaxılırsan...

-Şərqiyyə müəllimə ilə olan söhbətlərimizdə deyib ki, “mən bütün gücümü sərf eləmişəm uşaqlarım məktəbə gedənə qədər dərslərini öyrənsinlər və sonra məktəbə getsinlər. Onlara qəti tapşırığım belə idi. Hökmən dərslərindən beş qiymətlər alsınlar. Bir dəfə Aydın dörd qiymət almışdı. Onun valideyn iclasına mən getmədim, Möhübbət həkimin özünü göndərdim. Möhübbət həkim həmin iclasa gedəndən sonra Aydın onun qorxusundan daha dərslərindən dörd qiymət almadı. Beşlə oxudu. Uşaqların pis oxumasında birinci növbədə günahkar valideynlərdir. Əgər onlar istəyirlərsə ki, uşaqları savadlı olsun və ölkənin layiqli vətəndaşları olsunlar hökmən məcbur eləməlidirlər ki, onlar dərslərini yaxşı oxusunlar. Onlar uşaqlarının beyninə yüksək səviyyədə təsir göstərməlidirlər ki, zərgər dəqiqliyi ilə işləsin”. Bax, həmin vaxtı ananızın sizə məcbur eləməsi ki, dərslərinizi beşlə oxumalısınız fikiri sizə necə təsir eləyirdi, indi necə təsir eləyir?
-Mənim böyük bacım, rəhmətlik Arzu xanım da əlaçı idi. Mən də orta məktəbi əla qiymətlərlə bitirmişəm. Bacım Vüsalə və qardaşım Aydın da məktəbi demək olar əla qiymətlərlə bitiriblər. Vüsalə çox yüksək ixtisaslı həkimdir. Aydın da uzun illər polis zabiti işləyib və öz işinin yaxşı mütəxəssisi olub. Atam aptek müdiri olduğuna görə mənə bir fənnən dörd qiymət yazdılar ki, qızıl medal ala bilməyim. Həmin vaxtı qızıl medal almaq üçün gərək fəhlə uşağı olmalı idin. Ziyalı, müdir uşağına qızıl medal vermirdilər. Mən orta məktəbi belə yüksək qiymətlərlə bitirmişəm. Biz- mən, qardaşım və bacılarım səkkizinci, doqquzuncu sinifdə oxuyana kimi bütün dərslərimizi ilk əvvəl anamız soruşurdu və sonra biz məktəbə gedirdik. Əgər biz dərsimizi bilmirdiksə bizi ya oxlovla döyürdü, ya da evdə geydiyi ayaqqabını ayağındakı çıxarıb ( tapuçka), bizi onunla döyürdü. (Hər ikimiz ucadan güldük)
Yuxarıda dediyim kimi anam ingilis dili müəllimi idi. Amma mənim ingilis dilinə meylim o qədər də çox deyildi. Bir dəfə bizə məktəbdən ingilis dilində üzündən oxumaq tapşırığı verilmişdi. Anam dedi: “Kitabı götür oxu görüm necə oxuyursan”. Təsəvvür edin ki, gecə saat ikiyə qədər qoymadı ki, yatım. Dedi: “Sən bu fənni mükəmməl öyrənməlisən”. Məcbur olub həmin mövzunu əzbərlədim. Səhər müəllim məni çağırdı ki, “gəl mövzunu üzündən oxu”. Mən kitabı kənara qoyub, həmin mövzunu başladım əzbərdən danışmağa. Müəllim də başladı mənə təəccüblə baxmağa. Dedi ki, “mən bu mətni üzündən oxumağı sizə tapşırmışdım. Əzbərdən öyrənməyi yox. Halal olsun sənə ki, bu mətni əzbədrən öyrənibsən”. Mən də müəllimə belə dedim: “Ay müəllim siz bilsəydiniz ki, mən axşam canımın qorxusundan nələr çəkmişəm, belə deməzdiniz”. ( Yenə də hər ikimiz ucadan güldük) Məhz anamın bizə qarşı elə ciddi olmasının nəticəsidir ki, mən bu gün ali təhsilli, yaxşı ixtisaslı mütəxəssisəm. Yuxarıda dediyim kimi qardaşım Aydın uzun illər Sumqayıt Polis idarəsində aparıcı vəzifədə işləyib. Bacım Vüsalə xanım çox yaxşı həkimdir. Öz işinin yaxşı mütəxəssisidir. Amma həmin vaxtı mən belə fikirləşə bilmirdim. Fikirləşdirdim ki, mənim yaşıdlarım həyətdə futbol və başqa oyunlar oynayır. Avara gəzir, amma mən əziyyət çəkib dərslərimi oxuyuram. Həmin uşaqların çoxu elə sonra da avara oldular, amma mən yaxşı və yüksək ixtisaslı mütəxəssis oldum. İndi onlar fikirləşir ki, gərək dərslərini yaxşı oxuyaydılar ki, mənim kimi yaxşı mütəxəssis olardılar. O vaxtlar atam mənə hər gün iyirmi qəpik pul verirdi. Ya da deyirdi ki, get cibimdən götür. Mən də iyirmi qəpikdən çox götürməzdim. Amma mənim sinif yoldaşlarımın ataları onlara iki-üç manat verirdilər. Həmin uşaqlar böyüyüb tufeyli oldular. Mən həmin vaxtı fikirləşirdim və daxilən də atamı qınayırdım ki, “aptek müdiri işləyirsən sən niyə mənə hər gün üç manat vermirsən?” Amma indi fikirləşirəm ki, çox düz eləyib. İyirmi qəpiyə piraşki, ponçik alırdım. Amma üç manatım olsaydı çayxanaya, yeməkxanaya gedəcəkdim, siqaret alacaqdım və dərslərimi öyrənmək, dərs oxumaq da yaddan çıxacaqdı. Bax, ona görə də mən valideynlərimə minnətdaram ki, məni belə savadlı, bilikli böyüdüblər. Mənə , qardaşıma və bacılarıma qarşı belə tələbkar olublar. Tristan Bernardın belə bir maraqlı kəlamı var: “Axmaq uşaqlar yoxdur, yalnız axmaq valideynlər var”. Türklərin isə belə bir maraqlı atalar sözü var: ”Ana-gəzdiyin bağdır, Ata-yaşlaşdığın dağdır”. İohann Volfqanq Höte isə daha maraqlı kəlam deyib: ”İnsan atasına, anasına necə borclu olduğunu ancaq ata, ana olduğu zaman anlayır”

-Çox maraqlı kəlamlardır. İndi siz özünüz də valideynsiz. Övladlarınızı necə tərdiyə eləyirsiniz?
-Əvvəlki dərs proqramı ilə indiki dərs proqramı çox dəyişib. Hər gün olmasa da ən azından günaşırı həyat yoldaşım onların dərslərilə ciddi məşğul olub. Eləcə də anamın onların dərslərinə nəzarəti çox olub. Ona görə də hər üç övladım dərslərini əla qiymətlə oxuyublar. Övladlarımın ikisi Londonda ən yüksək ali məktəblərdə təhsil alıblar. Oranı da əla qiymətlərlə bitiriblər. Mən bir vaxtlar onlara ev də, maşın da ala bilərdim. Amma mən bütün vəsaitimi qoydum onların beyninə, savadına. Beyinə qoyulan kapital heç vaxt itmir. İndi hal-hazırda da onlar iş axtarmırlar. Onları axtarırlar ki, “gəl bizdə işlə”. Mən hər iki övladımla, oğlum Nahidlə və qızım Fidanla fəxr eləyirəm ki, Londonda təhsil alıblar. Kiçik qızım Leyla da onuncu sinfdə oxuyur. Əlaçıdı. O da həyat yoldaşımın əziyyətidir ki, əlindən gələni eləyib övladlarımız dərslərini yaxşı oxusunlar. Həmişə də uşaqlara təbliğat aparıb ki, “biz gecə-gündüz oxumuşuq. Dərslərimizdən yaxşı qiymətlər almışıq. Məhz ona görə də hər ikimiz yaxşı işin sahibiyik. Hamı da bizə fəxarətlə baxır. Siz də yaxşı oxusanız, yaxşı işin sahibi olacaqsınız və hamı sizə fəxrlə baxacaq”.

Deməli, uşaqların yaxşı təhsil alması ən birinci valideyndən asılıdır. Valideynlərim çalışırdılar ki, bizim dünya görüşümüz yüksək olsun. Mən də çalışmışam ki, uşaqlarımızın dünya görüşü hərtərəfli olsun. Oğlum Nahid hal-hazırda çox yaxşı yerdə işləyir. Həmin müəssisə onu özü çağırıb və işlə təmin edib. Qızım Fidan da hal-hazırda Londonda çox böyük bir Tibbi Firmada ( Feyzer Peyvəndi istehsal edən zavod) işləyir. Orada işləyən ilk və yeganə azərbaycanlıdır. Onu da elə firma özü tapıb və dəvət eləyiblər ki, gəlib bizimlə bir yerdə işlə. İnanıram ki, Azərbaycana qayıtsa, onu burada da lazım olan işlə təmin edəcəklər. Ona görə də deyirəm ki, beyinə qoyulan kapital itmir. Təki bütün valideynlər belə fikirləşsin və uşaqlarının beyninin inkişafı üçün əllərindən gələni etsinlər. Onda azərbaycanlı uşaqlar dünyada öz yaşıdları arasında öz sözlərini lazım olan səviyyədə deyə bilərlər. Çünki bu gün müstəqil respublikamıza çox savadlı, bilikli, yaxşı mütəxəssis olan cavanlar həddindən artıq çox lazımdır. Axı yaşlı nəsil, hansılar ki, çox savadlı idilər, onlar təqaüdə gedirlər və yaşlılar da dünyalarını dəyişirlər. İndi onları əvəz edən savadlı cavanlarımız lazımdır. Bu işdə də ilk öncə valideynlər və sonra da müəllimlər bu haqda çox ciddi düşünməlidirlər. Bu günkü cavanlara məsləhətim budur ki, təkcə dərs kitablarını oxumaqla kifayətlənməsinlər. Çoxlu bədii əsərlər oxusunlar. Məşhur Frans Bekonun belə bir maraqlı kəlamı var: “Mütaliə adamı bilikli, söhbətcil və hazır cavab edir”. Rene Dekart isə belə deyib: “ Müxtəlif əsərlərin yazıçıları, müəlliflərilə söhbət etmək, səyahət etməyə bərabərdir və yaxşı kitabları oxumaq keçmiş əsrlərin adamları ilə söhbət etmək deməkdir”.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

10-13 aprel- 2024-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə