Qarabağda toponomika məsələləri necə həll olunmalıdır? - TƏKLİF

Ermənilərin keçən əsrlərdə Azərbaycan ərazilərinə, xüsusən də, Qarabağ regionuna köçməsindən sonra yerləşdikləri ərazilərdəki yaşayış məntəqlərinin adlarını dəyişdirərək erməniləşdirməsi cəhdləri bu gün həmin yaşayış məntəqələrinin dünyada ermənilərin tarixi torpağı kimi tanınmasına səbəb olur. Qarabağdakı bir çox yaşayış məntəqələrinin adları keçən 2 əsrdə dəyişdirilmişdir. Qarabağ işğal edildikdən sonra isə qalan kənd və şəhərlərin də adını dəyişib erməni adları adları qoyublar.

İndi Azərbaycan Ordusu işğal edilmiş əraziləri azad edəndən sonra həmin yaşayış məntəqələrinin, coğrafi obyektlərin tarixi adlarının bərpa edilməsi zərurəti ortaya çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə belə kəndin adını televiziya ilə birbaşa çıxışında onun azad edildiyini elan edəndən sonra dəyişdirib. Hələ qarşıda yüzlərlə belə yaşayış məntəqəsi və coğrafi obyekt qalır ki, azad edildikcə adları da bərpa edilməidir. Lakin burada diqqət edilməsi bəzi məqamlar var.

Elə adlar var ki, onlar qədim alban mədəniyyətinin mirasıdır, ya da ondan əvvəlki tarixi irsimizin yadigarıdır. Bu qədim sözlərimiz indi işlənmədiyindən və unudulduğundan onları erməni adı kimi qəbul edib dəyişdirmək yolverilməzdir. Bu halda həmin yaşayış məntəqəsinin tarixi itmiş olur.

Ona görə də, Tononomika Komissyası bununla bağlı xüsusi proqram hazırlamalı, işğal edilmiş və indi azad edilən ərazilərdəki bütün adların siyahısını hazırlamalı və bu adların mənşəyini dəqiq izah etməlidir. Bundan sonra hansılar ki, bizim qədim milli adlarımızdır onlar saxlanmalıdır, hansılar ki, sırf erməni toponimləridir onlar dəyişdirilməlidir.

Yeni adlar veriləndə də, ölkədə geniş yayılmış, bir çox rayonlarda mövcud olan ya da süni yaradılan kənd adları verilməsi (məs, Günəşli, Təzəkənd və s.) məqsədəuyğun deyil. Bundansa, qədim tariximizi, qədim mədəniyyətimizi, qədim dilimizi özündə ehtiva edən sözlərdən istifadə edilməlidir.

Məsələn, qədim dövlətlərimizin və coğragi bölgələrimizin adlarından- Manna, Midiya, Alban, Arran, Qarqar, Arsak, Göyçə, Atropatena və s., tarixi tayfa və şəxs adlarından- Sakasena, Qarqarlı, Uruzlu, Maday, Kutilər, Saklar, Babək, Qorqudlu, Bayandurlu, Qazan və s., qədim mədəniyyətimizə aid sözlərdən- Buta, Baharlı, Xalçalı, Novruzlu, Şamlıq, həmçinin, qədim dinimizə- zərdüştlüyə aid sözlərdən- Hürmüzlü, Muğlar, Xıdırlı, Qatlar və s. istifadə edə bilərik.

Mən tarixçi deyiləm, toponomika ilə məşğul olmuram, bu adları şərti yazdım. Bu işlə tarixçilər, filoloqlar məşğul olmalıdır. Əsas odur ki, biz bir torpaqlarda ən qədim xalq olduğumuzu qədim toponimlərimizi və itirilmiş qədim sözlərimizdən istifadə etməklə bərpa etməklə təsdiq edək.

90-larda yol verdiyimiz səhvləri təkrarlamaq olmaz. Məsələn, Qutqaşen və Vartaşen kimi sırf Albaniya dövlətinə və ondan əvvəlki dövrə aid olan qədim toponimlərimizi erməni sözü bilərək dəyişdirmək həmin ərazilərin tarixi irsinin itirilməsi ilə yanaşı ermənilərə iddia üçün əlavə şans vermiş oldu. Bu gün erməni sözü, erməni toponimi olaraq bildiyimiz adların çoxunun ermənilərə heç bir aidiyyatı yoxdur, onlar bizim qədim dilimizə aiddir.

Ona görə də, təklif edirik ki, Prezident yanında xüsusi komissiya yaradılsın və bu məsələlərlə ciddi məşğul olsun. Bizim tariximiz nə islam dininin burada yayılmasından, nə də Albaniyadan sonra başlamır. Xalqımız bu torpaqlarda 10 min illik mədəniyyət və tarix yaradıb. Bu irsə sahib çıxmalıyıq və bu qədim tarixi, mədəni irsi yaşatmalıyıq. Bu ərazilərdə aborigen xalq bizik, gəlmə olan ermənilərdir. Tarixi-mədəni irsimizi və ədaləti bərpa etməliyik.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə