Uşaqlığını kənddə yaşayanlar yaxşı xatırlayarlar, səhər açılan kimi, analarımızın ilk gördükləri işlərdən biri toyuq hininin ağzını açıb toyuq-cücələri ordan “azad etmək” olardı. Hinin ağzı açılan kimi, toyuq-cücələr səs-səsə verib, dağılışardılar həyətin dörd bir yanına. Az keçməmiş anamız anbara girər, əlindəki iri ləyəni dənlə (yəni təmizlənməmiş buğda, ya da arpa ilə) doldurub bayıra çıxar, var səsi ilə “cip-cip” deyərdi. Bunu eşidən kimi, həyətin hər tərəfinə səpələnmiş toyuq-cücələr qanadlarını çala-çala dərhal onun yanına qaçardılar. Anamız dəni səpib, onların qarşısına gedərdi. Beş-altı dəqiqə ərzində heyvancığazlar yerə səpilmiş dəni son dənəsinə kimi dənləyib, yenə dağılışardılar. Uşaq vaxtı bu səhnəni çox seyr eləyərdim və həmişə də mənə qəribə gələrdi ki, niyə toyuqlar “cip-cip” səsini eşidən kimi, qanadlarını çırpa-çırpa yüyürüşürdülər, dənlənib qurtarandan sonra da sakitcə dağılışırdılar. Bu hikməti böyüyəndə anladım ki, gecə səhərə kimi tarda yuxulayan toyuqlar o qədər acırdılar ki, yem gəldiyini anlayan kimi, sevincək ora qanad açırdılar, qarınlarını doyurandan sonra isə sakitcə dağlışıb, küllüklərdə eşələnərdilər. Hətta hərdən toyuqlardan bir-ikisini tutub kəsmək üçün dənlənmədən az sonra anamız nə qədər cipləsə də, toyuqlar ya gəlmirdilər, ya da çöx könülsüz gəlirdilər. Atalarımızın məşhur “ac qılınca çapar” misalının da mahiyyəti elə bu dənlənmənin mahiyyəti ilə eynidir. Bütün canlılar, hətta bitkilər də qidasız qalanda qida üçün “qılınca çapar”. O cümlədən, Allahın ən şüurlu məxluqu, yer üzünün əşrəfi kimi xəlq elədiyi insan da belədir. Ancaq insan şüurlu məxluq olduğundan, onun qidası, sadəcə, yemək-içməkdən ibarət deyil, həm də mənəvi qidalardan ibarət olur. Qarnı ac olan hər bir canlı qarnını doyurmağa can atdığı kimi, mənəvi qida acı olan hər bir insan da alacağı qidanın ardınca yürüyər. Bir şərtlə ki, getdiyi yerdə, həqiqətən, mənəvi qida alacağına əmin olsun. Gələk mətləbin ortasına. İki-üç həftədi milsiz-flansız «şura»nın başbilənləri qərar icad eləmişdilər ki, sentyabrın 28-də mitinq eləsinlər. Bu zavalsız milsizlər düşünürdülər ki, sentyabrın 15-də dərslər başlayır, rayonlardakı uşaqlar təhsil üçün Bakıya gəlir, onlarla iş aparıb, hərəsinə beş-on manat cib (yəni “cip”) xərcliyi verəcəklər ki, gəlib dayansınlar meydanda, Əlişka qaqqıldıyanda, onlar da yerdən əl (burda qanad) çalıb cuqquldaşsınlar. Amma deyəsən, nə qədər “cip-cip” eləsələr də, onlara yaxın gələn olmadı. Dənləri əllərində qalan milsizləri fikir götürmüşdü ki, neyləyəcəklər, kimsə onların dənini dənləmək istəmir, bu yerdə Bakı meriyasının qərarı çıxdı ortaya. Mitinqə icazə verilir. Yerini də müəyyən etmişdi merimiz. Milsizlər yığışıb, başlarını (yəni içi boş olan yumru orqanlarını) işə saldılar və nəhayət, çıxış yolunu tapdılar: təklif olunan yer şəhərin mərkəzindən uzaqdır, ona görə də, mitinqi keçirməkdən imtina edirik! Yuxarıda kənd həyatından danışdığım hekayətin də fəlsəfəsi bu idi. Ac olan canlını, o cümlədən, mənəvi aclığı olan insanı, nəinki Bakının mərkəzindən uzaq, hətta ölkənin ən ucqarına belə dəvət eləsən, uça-uça gələr. Deməli, bu millət toxdur. Özü də həm mədə sarıdan, həm də mənəviyyat baxımından. Əgər millət toxdursa, sən onu nə qədər “düdüləsən” də, nə qədər “cip»ləsən də, sənə yaxın gəlməyəcək. O zaman nə istəyirlər bu zavalsız milsizlər zavallı millətdən, bax, onu anlamıram? Anladığım bir odur ki, başlayacaqlar (Yəqin bu yazı çap olunana kimi artıq başlamış olacaqlar.) şivən qoparmağa ki, ay dadi-bidad, qoymayın, Azərbaycan iqtidarı insan haqlarını pozur, nə bilim sərbəst toplaşma haqqını pozur, və sairə və ilaxır! Əslində, bu məqamda onları qınamaq da olmur, aldıqları milyonlar müqabillində Qərbdəki ağalarına hesabat verməlidilər, axı! Nə desinlər, desinlər ki, nə qədər «cip»ləsək də, dənimizi dənləməyə ac toyuq tapmadıq? O zaman Qərbdəkilər deməzmi ki, o ölkədə hamı toxdusa, ac yoxdusa, bizdən o milyonları niyə alırsınız? Nəyisə, “cip-cip”lərinə səs verilməyən, dənləri əllərində qalan bu zavalsızlar, bir azca da olsa, utanmağa özlərində güc tapa biləcəklərmi, görəsən? Amma inanmıram. Yoxsa özləri ac qalar axı. Mənəvi baxımdan yox a, onların mənəviyyatı çoxdan çirk-pasla dolub. Mədələri ac qalar, maşınları da yanacaqsız!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə