Məişət zorakılığına qarşı mübarizədə medianın rolu TƏHLİL

Məşiət zorakılığının qarşısının alınması üçün ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var. Bunun üçün ailə-valideyn münasibətlərinə dair ciddi televiziya verilişlərinin hazırlanması zəruridir. Məişət zorakılığının aradan qaldırılmasında medianın üzərinə böyük vəzifə düşür. Mətbuat orqanları, özəlliklə televiziyalar informasiya siyasətini düzgün qurmalıdırlar.

Təsəvvür edək ki, hansısa ucqar kənddə evdar qadının yeganə informasiya mənbəyi televiziyadır. Qadın televizoru açır, xəbərlərə baxır. Proqramda kriminal xəbərlər baş xəbər olaraq göstərilir: "Ər arvadı öldürdü", "Kişi qızını baltaladı". Bu xəbəri eşidən qadının ilk ağlına gələn o olur ki, "yaxşı ki, ərim məni öldürmür, döyür". Müxtəlif məişət problemlərini efirdə müzakirə edən televiziyalar elə bilir ki, onlar maarifləndirmə işi aparır, zorakılığa məruz qalan qadınların və uşaqların maraqlarından çıxış edirlər. Ancaq belə deyil. Televiziyalar sahə ilə birbaşa bağlı ekspertlər dəvət etmək əvəzinə tanınmış jurnalist, müğənni və aktyorları dəvət edir, onların dili ilə zorakılığa məruz qalmış qadını müttəhim kimi ittiham edirlər. "Sən yaxşı qadın olsaydın, belə olmazdı" ittihamları səslənir. Teleproqramlar reytinq naminə zorakılığa məruz qalmış qadınları alçaldır, onların faciəsi üzərində xal toplamağa çalışırlar. Halbuki efirə çıxan qadının bəlkə də yeganə ümidi onu ittiham edən insanlardır.

Zorakılığa məruz qalmış qadınlara, uşaqlara şəxsiyyət kimi yanaşılmalı, onların haqlı mövqeləri müdafiə olunmalı, səhv buraxıblarsa belə, bu, onların üzünə vurulmamalıdır. Bu cür laqeyd münasibət görən qadın bir daha efirə çıxıb problemindən danışmayacaq. İnsanların problemləri üzərində şou yaratmaqdansa, o problemləri həll etməyə çalışmaq lazımdır. Bu cür verilişlərə xarici ölkələrdə təlimlərdə, seminarlarda iştirak etmiş, qadınla işləməyi bacaran vəkillər, psixoloqlar qatılmalıdır. Zorakılığa məruz qalmış qadına yanaşma sağlam olmalıdır.

Cəmiyyət, media həmin qadına suçlu kimi yox, qurban kimi baxmalıdır. Çox təəssüf ki, cəmiyyətimiz, bəzən də media zorakılığa məruz qalmış qadına günahkar kimi baxmağa meyllidir. Halbuki lap aldanıb insan alverinin toruna düşmüş qadına belə suçlu kimi baxmaq düzgün deyil. Bu yanaşma həyatında bir dəfə səhv etmiş qadını tamamilə həyatın dibinə atır, onda suçluluq psixologiyası yaradır. Cəmiyyət bəzən ailəsində zorakılığa məruz qalmış qadının efirə çıxmasına, dərdini hüquq mühafizə orqanlarına, vəkilə danışmasına mənfi yanaşır. Köhnə stereotiplərlə belə hesab olunur ki, qadın əri tərəfindən döyülsə belə, bunu heç kimə deməməlidir. Bu, yazılmamış qanun qadında kölə psixologiyasının yaranmasına gətirib çıxarır. Meida, ictimai təşkilatlar, hüquq müdafiə qurumları məşiət zorakılığına məruz qalmış qadının yanında olmalı, ona hüquqi yardım və mənəvi dəstək göstərməlidir.

Ərhun Abbas

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində çap edilir

Bütün xəbərlər Facebook səhifəmizdə