Kabildəki partlayışı törədənlər məlum oldu "İslam dövləti"

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışı “İslam dövləti” terror təşkilatı öz üzərinə götürüb. Belə ki, partlayış Kabilin mərkəzində, kütləvi kitabxanası ilə şəhər bələdiyyəsinin qarşısında törədilib. Daha öncə xəsarət alanlar və ölənlər barədə məlumat verilməsə də, artıq bu xəbərlər gəlməkdədir. SİA 1TV-yə istinadən xəbər verir ki, terror hadisəsi törədilərkən, ərazidə kütləvi etiraz aksiyası keçirilib. Əfqanıstan DİN-nin məlumatına görə, terror aksiyası zamanı ən azı 6 nəfər həyatını itirib, daha 20 nəfər isə yaralanıb.

Reuters agentliyi isə məlumat verir ki, terrorçu kamikazde üzərindəki partlayıcı qurğunu polis idarəsinin yoxlama-buraxılış məntəqəsi qarşısında və məktəb yaxınlığında işə salıb. Yerli KİV-lər isə qeyd edirlər ki, ölkənin daxili işlər nazirliyinin bildirdiyinə görə, terrorçu partlayıcı qurğunu polis onu aşkar etdikdən sonra işə salıb. Hadisə baş verən əraziyə yaxınlıqda eyni zamanda maliyyə və ədliyyə nazirlikləri, həmçinin prezident iqamətgahı yerləşir.

Xatırladılır ki, bu gün səhər saatlarında Kabilin mərkəzində Çahori, Malistan və Xas Uruzan bölgələrində təhlükəsizliyin aşağı səviyyədə təmin edilməsinə etiraz olaraq nümayiş keçirilib. Nümayişçilər hakimiyyəti fəaliyyətsizlikdə ittiham edərək, hökumətdən bu ərazilərə silahlı qüvvələrin əlavə güc göndərmələrini tələb ediblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə