Şokolad fabriki kiberhücuma məruz qalıb

Avstraliyanın Tasmaniya ştatının paytaxtı Xobarte şəhərindəki “Cadbury” şokolad fabriki ötən gecə kiberhücuma məruz qalıb. Bu barədə ABC telekanalı həmkarlar ittifaqlarındakı mənbələrə istinadla məlumat yayıb.

İyunun 27-də gecə baş verən hücumu təşkil edənlər bitkoinlərlə ödəniş tələb ediblər. Şirkət administrasiyasının nümayəndələri hələlik hər hansı şərh verməkdən imtina edirlər.

Bundan əlavə, bu gün səhər Avstraliyanın “DLA Piper” hüquq şirkəti də kiberhücuma məruz qaldığını bildirib, lakin bu zaman söhbət şirkətin digər ölkələrdə yerləşən filiallarından gedir.

İyunun 27-də məlumat mənbələrinə girişi açmaq üçün ödəniş tələb edən virusun sahibləri Rusiya və Ukraynada onlarla şirkətə hücum ediblər. Tezliklə həmin virus bütün dünyaya yayılıb. Mütəxəssislərin rəyinə görə, bu böyük kiberhücumun mexanizmi kimi əməliyyat sistemini yüklənməyə qoymayan və bitkoinlərlə ödəniş tələb edən “Petya” virusundan istifadə edilir.

Avstraliya Baş nazirinin kibermüdafiə üzrə köməkçisi Den Tien iyunun 28-də bildirib ki, hüquq-mühafizə orqanları “Beş göz” qrupuna daxil olan ölkələrdəki tərəfdaşları ilə sıx əlaqə saxlayırlar. D.Ten deyib: “Biz vəziyyəti nəzarətdə saxlamağa çalışırıq, bu, bizim görə biləcəyimiz yeganə işdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə