2019 Formula 1 Azərbaycan Qran Prisinin bilet satışına start verilib - FOTO

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) 2019-cu il Formula 1 Azərbaycan Qran Prisinin biletlərinin satışa çıxarılması ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda BŞH-nin Kommersiya direktoru Bülent Özerdim və Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai iştirak edib.

B.Özerdim bildirib ki, 2019-cu il Formula 1 Azərbaycan Qran Prisi üçün biletləri bu gündən etibarən bilet satış nöqtələrindən əldə etmək mümkündür: “Onlayn şəkildə bilet əldə etmək istəyənlər isə bu həftə ərzində artıq www.bakucitycircuit.com saytına müraciət edə bilərlər. Bundan əlavə, BŞH azarkeşlərə 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. Bir yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir. Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər”.

Kommersiya direktoru qeyd edib ki, BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2-15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir: “Bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər isə bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər”.

N.Arpadarai isə yarış haqqında son məlumatları jurnalistlərin diqqətinə çatdırıb. O, azarkeşləri endirim kampaniyalarından yararlanmağa çağırıb.

Qeyd edək ki, ilkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.

Nəzərinizə çatdıraq ki, BŞH endirim kampaniyası ilə bağlı şirkətin icraçı direktoru Arif Rəhimovun da açıqlmasını yayıb. O, yenidən möhtəşəm yarış həyəcanı yaşamaq istəyən Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən istifadə etməyə çağırıb: “Dördüncü Formula 1 yarışı üçün biletlərin satışa çıxarıldığını elan etməkdən böyük məmnunluq duyuruq. Hər il yarış üçün Bakıya səfər edən azarkeşlərin gəlişini yüksək qiymətləndiririk və inanırıq ki, ilkin endirim kampaniyası yerli sakinlərlə yanaşı, xarici vətəndaşları da biletləri mümkün olduqca tez bir zamanda əldə etməyə təşviq edəcək. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də son zamanların ən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etdik və bununla da, Bakı gözlənilməz yarışların məkanı ünvanını daha da gücləndirdi. 2019-cu il Formula 1 Azərbaycan Qran Prisində də gözlənilməyənləri gözləməyə davam edirik! Fürsətdən istifadə edərək bütün F1 azarkeşlərini endirim kampaniyasından tezliklə yararlanmağa dəvət edirəm”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə