“Bakı Şəhər Halqası”nın Formula 1 azarkeşlərinə xüsusi təklifi - “Golden Circle”

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarış həftəsonu ərzində hər gün axşam saatlarından etibarən ardıcıllıqla keçiriləcək konsert və partilərdə dünya ulduzları və məşhur DJ-lərə ən yaxın mövqedə yer tutmaq istəyən əyləncəsevərlərə xüsusi imkan təklif edir. SİA-nın məlumatına görə, arzu edən hər kəs “Golden Circle” adlanan səhnənin tam qarşısındakı hissəyə bilet alaraq Bakıya təşrif buyurmuş dünya şöhrətli sənətçilərin möhtəşəm perfomanslarını ən yaxından izləyə biləcəklər.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsonu ərzində tamaşaçılar üçün hər ötən il daha geniş imkanların təqdim olunduğunu bildirib: “Biz ötən illərdə olduğu kimi bu ildə də Formula 1 yarış həftəsonunu paytaxt Bakıda festival ab-havasında keçirməyə çalışırıq. Bu baxımdan builki əyləncə proqramını müxtəlif tədbirlərlə rəngarəng etmişik ki, həm şəhər sakinlərinin zövqünə uyğun, həm də onlar üçün əlçatan olsun.

Bu həftəsonu baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisində tamaşaçılar F1 pilotları, dünya ulduzları və məşhur DJ-lərə hər zamankından daha yaxın olacaqlar. “Golden Circle” da bu məqsədə xidmət edir. Səhnənin tam qarşısında yerləşən bu zonaya bilet almaqla bu möhtəşəm əyləncədə hər kəs öz kumirləri ilə birbaşa təmasda ola biləcək”.

Yarışa bileti olan tamaşaçılar “Golden Circle” imkanından yararlana biləcəklər. Bunun üçün bilet sahibləri aldıqları biletə ya gündəlik əlavə 80, ya da bir dəfəyə üç gün üçün cəmi 200 manat ödəniş etməlidirlər.

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən “Baku Crystal Hall”da keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-si əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə “Axwell Λ Ingrosso”, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaqlar.

Həmçinin DJ-lərin iştirakı ilə baş tutacaq partilərə biletlər gündəlik satılır və bu biletlərin birgünlük qiyməti “Golden Circle” üçün 50, digər yerlər üçünsə 30 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə