Dmitri Kozak: “Bakı dünyada daha da tanınmış şəhərə çevrilir” AÇIQLAMA

“Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı çox gözəl təəssüratlarım yarandı. Təşkilatçılıq möhtəşəmdir və şəhər trasında hər şey gözəl təşkil edilib”. SİA-nın məlumatına görə, bunu iyunun 25-də Bakıda jurnalistlərə açıqlamasında Rusiyanın Baş nazirinin müavini Dmitri Kozak deyib.

Gələcəkdə Formula 1 Soçi Qran-Prisinin keçirilməsi zamanı Bakının təcrübəsindən istifadə edəcəklərini vurğulayan D.Kozak Rusiyada təşkil olunan yarışın müddətinin 2025-ci ilədək uzadıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, Soçi və Bakı bir-birinə həmişə kömək edir və mövcud təcrübədən yararlanır: “2014-cu ildə Azərbaycan nümayəndə heyəti Soçi Qran-Prisində iştirak edib təcrübə qazanırdı. Hazırda biz Bakının təcrübəsi ilə yaxından tanış oluruq. Bakı və Soçi bir-birinə rəqib deyil, sadəcə partnyordur. Ancaq rəqabətimiz şəhərlərin gözəlliyi baxımından ola bilər. Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub. Bu cür yarışın təşkil edilməsi üçün güclü səbr lazımdır. Yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə Bakı dünyada daha da tanınmış şəhərə çevrilir".

D.Kozak vurğulayıb ki, növbəti mövsüm Soçi Qran-Prisinin sentybarda təşkili ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına müraciət edilib: “Gələn il Rusiya futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Düşünürəm ki, mundial başa çatdıqdan sonra Formula 1 yarışının təşkili üçün sentyabr ayı əlverişli tarixdir.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə