Noyabr ayının 22-si respublikamızda ədliyyə işçilərinin – Penitensiar xidməti əməkdaşlarının, məhkəmə ekspertizası, məhkəmə icraçıları və nəzarətçilərinin, Vətəndaşlıq Aktlarının Qeydiyyatı və digər müqabil işçilərin peşə bayramı kimi qeyd ounur. Ədliyyə işçilərinin peşə bayramı 21 il öncə - 2000-ci il noyabrın 11-də ümummillli lider Heydər Əliyevin imzaladığı qərarla təsis edilib. Bu, Ümummilli liderin ədliyyə işçilərinə qayğı və ehtiramının təzahür formalarından biridir.
Tarixi nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycan ədliyyəsinin yaranması 103 il əvvələ - Azərbaycan Xalq Cumhuriyyətinin təməl daşının qoyulduğu 1918-ci ilin 28 may gününə təsadüf edir. Nazirliyin Əsasnaməsi isə 6 ay sonra – 1918-ci il noyabrın 22-də təsdiq edilib. Azərbaycan ədliyyəsi XX əsrin 70-ci illərinə qədər çətin, keşməkeşli ömür yaşayıb. Belə ki, 1920-ci ilin 28 aprelində işğalçı XI Qızıl Ordu hissələrinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi, AXC-nin dövlət qurumu olan Ədliyyə Nazirliyinin də fəaliyyətinin dayandırılması ilə nəticələnib. Sonrakı XX əsrin 70-ci illərinə qədərki dövrdə Ədliyyə Nazirliyinin 5 dəfə müxtəlif adlar altında fəaliyyət göstərməsi, başqa sözlə, ədliyyə orqanlarının təkrar-təkrar ləğv edilib yenidən yaradılması kimi bir hal ədliyyə sisteminin formalaşması imkanlarını məhdudlaşdırmış, nazirliyin sabit dövlət strukturu olaraq inkişafına ciddi əngəllər törətmişdir. Belə ki, Sovet Rusiyasının XI Qızıl Ordu hissələri AXC-ni işğal edəndən sonra İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə AXC-nin Ədliyyə Nazirliyi ləğv edilmiş, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluğa, Ali Məhkəməyə, Mərkəzi İcraiyyə Komitəsinə və bir sıra başqa qurumlara həvalə edilmişdir. 1933-cü ildə isə yenidən Xalq Ədliyyə Komissarlığı təşkil edilmişdir. Onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək daxil idi. 1937-ci ildə yenidən yaradılan Xalq Komissarlığının Əsasnaməsinə əsasən komissarlığın fəaliyyət sahəsi yalnız məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərliklə məhdudlaşmışdır. 1959-cu ildə Xalq Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, onu səlahiyyətləri yenidən ayrı-ayrı dövlət qurumları arasında bölüşdürülmüşdür.
Bu ədalətsizliyə 1970-ci illərdə, Azərbaycan xalqının qürur ünvanı olan Heydər Əliyevin hakimiyyəti zamanında son qoyulmuşdur. Öz fəaliyyətində “Ədaləti ədalətsizliklə bərpa etmək omaz” prinsipini daim rəhbər tutan Ulu öndərin tövsiyəsi ilə Azərbaycan SSR Ali Sovetinin 1970-ci il oktyabrın 27-də qəbul etdiyi qərar Azərbaycan ədliyyəsinin tarixində yeni mərhələnin başlanğıcı kimi yaddaqalandır. Bu qərarla Ali Məhkəmə istisna olmaqla indi bizə məlum olan bütün funksiyalar Ədliyyə Nazirliyinin səlahiyyətinə verilmişdir. Məhz bu illərdə Ulu öndərin apardığı məqsədyönlü islahatların nəticəsi olaraq Azərbaycan ədliyyəsi özünün inkişaf mərhələsinə qədəm qoymuşdur.
Dövlət strukturu kimi təşəkkül tapması nazirliyin fəaliyyətində milli kadrların formalaşdırılması, davamlı olaraq inkişafı məsələləri daim Ümummilli liderin diqqət mərkəzində olmuşdur. 1972-ci ildə Heydər Əliyev tərəfindən qüvvəyə minən yeni əsasnamə Azərbaycan ədliyyəsinin gələcək inkişafına yol açan bir sıra yeni normativ sənədlərin qəbul edilməsinə imkan yaratmışdır. Bu qərardan sonra Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri daha da genişlənmiş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu və probasiya xidməti formalaşdırılmış, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşmışdır.
Azərbaycan ədliyyəsinin yenidən formalaşdırılması işi, nə qədər riskli olmasına baxmayaraq, həm sovetlər dönəmində, həm də müstəqillik illərində daim Ulu öndərin diqqətində olmuşdur. Ölkəmiz 70 illik ilhaqdan azad edildikdən sonra Ədliyyə Nazirliyinin hüquqi dövlətdə ona məxsus “mövqe sahibi” olması üçün imkanlar daha da genişlənmişdir. Ədliyyə sisteminin fəaliyyətini tənzimləyən bir sıra yeni normativlərin qəbulu nazirliyin gələcək inkişafı üçün əsaslı zəmin yaratmışdır.
Ana qanunun – Konstitusiyamızın yaradılması ilə başlanan köklü islahatlar Penitensiar xidmət sahəsində də diqqət və qayğı ilə davam etdirilmişdir. Məhkəmə qərarlarının icrası işinin əhəmiyyəti nəzərə alınaraq nazirliyin tərkibində icra xidməti və istintaq idarəsinin yaradılması, ibtidai istintaqın aparılması işinin Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinə həvalə edilməsi, cəza-tərbiyə işində humanizm, ən əsası isə insan hüquq və azadlıqlarının qorunması işinin önə çəkilməsi ilə məhkəmə qərarlarının icrası sistemi təkmilləşmişdir.
Bu sırada həmçinin beynəlxalq hüquq və azadlıqlara söykənən ölüm hökmünün ləğvi ilə bağlı qərarın da (1998-ci il) adını çəkmək olar. Həmin qərar nəticəsində məhkumların saxlanma şəraiti beynəlxaq standartlar səviyyəsinə çatdırılmışdır. Onların sosial əlaqə imkanları genişləndirilmiş, asudə saatlarını səmərəli keçirmələri işi beynəlxalq tələblər səviyyəsinə uyğunlaşdırılmışdır. Qeyd olunanlara məhkumlar üçün futbol meydançaları tikilməsini, onların bu meydançalardan vaxtaşırı istifadə etməklərini, kitabxanalardan bəhrələnmək imkanının yaradılmasını, yeniyetmələr üçün “açıq qapı” günlərinin keçirilməsini də (və s.) əlavə etmək olar.
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun qənaətləri ilə fikrimizi davam etdirsək, “Hüquq islahatlarının, xüsusən ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə-hüquq islahatlarının bügünki Azərbaycan üçün daha böyük önəm kəsb etdiyini bəyan edən Ümummilli liderimiz tərəfindən bu islahatlar uğurla həyata keçirilmiş, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız, Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq mühafzə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmış, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir”.
Bütün bunlar haqq verir ki, ulu öndər Heydər Əliyevi Azərbaycan ədliyyəsinin qurucusu və hamisi adlandıraq.
Qürurla deyə bilərik ki, Azərbaycan ədliyyəsi bu gün inamlı inkişaf yolundadır. Ulu öndərin siyasi kursunu yüksək səviyyədə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik dövləti idarəetmə səriştəsinin nəticəsi olaraq Azərbaycan ədliyyəsi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşərək yeni nailiyyətlərə imza atmaqdadır.
Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısı İlham Əliyevin 2006-cı il 18 aprel tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə statusunun verilməsi, həmin il may ayının 26-da “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, 2019-2023-cü illər Dövlət Proqramlarının təsdiqi haqqında bəhs etdiyimiz inkişafın bariz göstəricilərindəndir.
Hər bir Azərbaycan vətəndaşı, o cümlədən biz - ədliyyə işçiləri də dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Ümummilli liderin ideyalarının həyata keçməsi və inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Hər bir hüquq-mühafizə orqanında çalışan əməkdaş öz işinin dövlət, xalq üçün nə qədər vacib olduğunu dərk etməlidir və işini yalnız və yalnız xalqın, ölkənin mənafeyi üçün aparmalıdır”.
Penitensiar xidmətin əməkdaşı olaraq hər birimiz bu məsuliyyəti daim öz üzərimizdə hiss edir və bu məsuliyyətə cavabdehlik daşıdığımızı özümüzə borc bilirik.
Babək İsgəndərov,
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
Kadrlar idarəsinin böyük inspektoru, ədliyyə mayoru
Bütün xəbərlər Facebook səhifəmizdə