Vasif Talıbov Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkib. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirib, Çin Hökuməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Xanım Qo Min səmimi qəbula görə minnətdarlıq edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Ölkəsinin qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran səfir mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...