Hər şey niyyətdən və qafadan asılıdır MÖVQE

"Azərbaycan Müdafiə Nazirliyinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə məlumatından dərhal sonra radikal düşərgənin "hərşeyşünas" siyasiləri yenə də müxtəlif fantastik iddialarını irəli sürdülər. Həm də xüsusi həyasızlıqla... Hər zaman olduğu kimi dövlətin, xalqın maraqlarını nəzərə almadan, işğalçı ilə qarşı-qarşıya dayanan Sulahlı Qüvvələrimizə böhtan atmaqla...". Bu fikirlər politoloq Elçin Mirzəbəyliyə aiddir.

Politoloq qırıcı təyyarəmizin qəzaya uğrama səbəbləri barədə son günlər səsləndirilən fikirlərə öz münasibətini bildirib: "Onların iddialarından fərqli olaraq, təyyarə qəzaları ilə bağlı faktlar Müdafiə Nazirliyinin qəzanın səbəbləri ilə bağlı məlumatında yer alan məqamların tamamilə həqiqəti əks etdirdiyini sübuta yetirir.

Qeyd edim ki, hərbi təyyarələrin quş dəstələri ilə toqquşması dünyada ən çox rast gəlinən insident hesab olunur. Belə hadisələr zamanı təkcə MİQ-29-lar deyil, bu təyyarələrdən daha modern pilotlu uçuş aparatları da qəzaya uğrayırlar. Məsələn, bu ilin may ayında ABŞ-ın Yaponiyadakı İvakuni hərbi bazasından uçan F-35 qırıcı təyyarısi quş dəstəsilə toqquşaraq qəzaya uğrayıb. İyun ayında Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus "Jaguar" qırıcı-bombardmançı təyyarəsi uçuşa başladıqdan bir neçə saniyə sonra quş dəstəsi ilə toqquşub.

Bu il ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi ilə oxşar insident Nyu-Meksika ştatında yerləşən Holloman poliqonunda baş verib. F-16 eniş zamanı qartalla toqquşaraq ciddi zərər görüb. Floridada ABŞ HHQ-nə məxsus bombardmançı təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsində isə üç təlim bombası yerə düşüb. Xoşbəxtlikdən hər biri 11 kq-dan ibarət təlim bombaları yaşayış olmayan ərazilərə düşdüyü üçün insan tələfatı və dağıntı olmayıb.

Bu il İsveçə məxsus "Jas 39 Gripen" qırıcısı ölkənin cənubunda keçirilən təlim zamanı quş dəstəsi ilə toqquşib, nəticədə pilot həlak olub.

Onu da qeyd edək ki, ABŞ-ın əsasən hərbi araşdırmalar və xəbərlər üzrə ixtisaslaşmış “Marine Corps Times” qəzetinin verdiyi xəbərə görə, təkcə 2018-ci ildə dünyada hərbi və mülki təyyarələrin quş dəstəsi ilə toqquşması nəticəsində 14500-də artıq qəza və insident baş verib.

Hərbi ekspert deyiləm və olmaq niyyətim də yoxdur. Amma internet resurslarında bir neçə dəqiqəlik axtarış nəticəsində yüzlərlə fakt əldə edə bildim və oxucuların vaxtını almaq istəmədiyim üçün onlardan bir neçəsini diqqətə çatdırdım. İstənilən şəxsin belə məlumatları əldə etmək imkanı var, şübhəsiz. Hər şey niyyətdən və qafadan asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...