2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 milyona çatıb

Bu gün Azərbaycanda turizm yüksələn xətt üzrə inkişaf etməkdədir. Turizm sahəsində yaradılan geniş imkanlar xarici turistlərin ölkəmizə səfər etməsinə böyük təsir göstərir. Son illər dövlətin dəstəyi ilə Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə dünyada tanınmış brend hotellər fəaliyyət göstərir və müasir hotel xidmətinin qurulması istiqamətində böyük irəliləyiş əldə olunub. Beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması, eləcə də, xarici turist axınına güclü təkan verib. Həmçinin, bir sıra xarici ölkə vətəndaşları üçün viza sisteminin sadələşdirilməsi və "ASAN viza" sisteminin tətbiqi də bu sahənin inkişafına müsbət təsir edib.
Görülən işlərin nəticəsidir ki, 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1,4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1,3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6,5% çox qonaq deməkdir.
Gələnlərin böyük hissəsini 29,4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22,8% və ya 64 min nəfər olub.
Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib. Türkiyədən gəlmiş qonaqların sayı 3,7% artaraq, 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün müvafiq olaraq, 37,8% və 50,2% olub.
Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80,2% artım) və Pakistan (19 min; 24,4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15,1% artım) və Türkmənistandır (21 min; 85% artım). Səudiyyə Ərəbistandan gələnlərin sayında isə, təxminən, 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir.
Göründüyü kimi, 2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub - bu artım 17,2% təşkil edib. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...