Ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq

"Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq”. Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə bildirib ki, Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq: "Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinə artıq bir neçə ildi başlanılıb, layihəyə hazırlıq işləri bitib. Hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub. Artıq yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət, yəni icraçı şirkət tərəfindən Zaqatala-Balakən biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq. Layihənin ümumilikdə 4 il ərzində başa çatdırılması nəzərdə tutulur, 2023-cü ilin sonuna qədər bitməsi planlaşdırılır. Layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərdə istər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi, istərsə də sosial yönümlü tədbirlərin, yəni orada yaşayan əhalinin həyat səviyyəsini yüksəldilməsi, həmin ərazinin tam ekoloji cəhətdən təhlükəsiz bir əraziyə çevrilməsi nəzərdə tutulub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə