Çağdaş folklorşünaslığa dəyərli töhfə

İnsanlar daim özlərini bir çox təhlükələrdən və gözlənilməz hadisələrdən sığortalamaq üçün ağlagəlməz vasitələrə əl atmışlar. Bəzən bu vasitələr cəmiyyətə təhlükə törətsə də, öz əhəmiyyətini bu günə kimi qoruyub saxlamışdır. Xeyir və şər hər yerdə mövcud olduğu kimi, magiyanın tərkibində də vardır və xeyirlə şərin mübarıizəsini özündə əks etdirir.

Gündəlik həyatımızda magiya kortəbii şəkildə ətraf aləmə, insanlara təsir edir. Bəzən istər-istəməz, inandıq-inanmadıq, bu təsirlərin şahidi oluruq. Amma bu düşüncələrin haradan qaynaqlandığının, nəyin sayəsində məişətimizə daxil olduğunun səbəblərini bilmirik.

Bütün bu suallara cavab tapmaq üçün dərin tədqiqat aparmış Böyük Britaniyada yaşayan, fəlsəfə elmləri doktoru Sevda İmanova 2017-ci ildə "Folklor və Magiya" kitabını ərsəyə gətirmişdir. Müəllif araşdırmalar apararkən şifahi xalq ədəbiyyatına müraciət etmiş və onun magiya ilə əlaqələrini öyrənməyə çalışmış, buna müvəffəq olmuşdur.

Kitab girişdən, 3 fəsildən, nəticədən və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə "Magiya, Din, Folklor, və Janr", ikinci fəsildə "Liro-dramatik folklor və magiya", üçüncü fəsildə isə "Epik folklor və magiya" haqqında ətraflı məlumat verilib.

Müəllifin fikrincə, folklor və magiya əlaqələri çağdaş antropologiya və folklorşünaslığın daim diqqət mərkəzində olan problemdir. Folklor və magiya tarixən bir-biri ilə çulğalaşmış, qovuşmuş düşüncə laylarıdır. Bu laylar arasındakı münasibətlərin həm tarixi, həm də müqayisəli müstəvidə öyrənilmə zərurəti monoqrafiyada tarixi-müqayisəli metodun tətbiq etməsini tələb etmişdir.

Monoqrafiya mövzusunun aktuallığı folklor və magiya əlaqələrinin semantik strukturu və tipologiyasının Azərbaycan folkloru materialları əsasında araşdırılması zərurəti ilə şərtlənir.

Müəllif qeyd edir ki, folklor xalqın şifahi bədii yaradıcılığı olsa da, o sırf bədii hadisə deyildir və öz kökləri etibarı ilə həm də magiyaya bağlanır. Azərbaycan nağılları magik görüşləri əks etdirən obraz və motivlərlə zəngindir. Nağıllarda magik elementləri, demək olar ki, bütün nağıl növlərində aşkarlamaq olar. Ancaq heç şübhəsiz ki, nağıllar içərisində magiya ilə bağlılıq özünü daha çox sehrli nağıllarda göstərir. Nağıllarda sehrli predmetlərin hamısı magik funksionallığa malikdir.

Folklorda magik təsəvvürlərin öyrənilməsi bir çox istiqamətləri əhatə edən mürəkkəb məsələdir. Folklor və magiya əlaqələrinə dair dünyada ən müxtəlif məktəb və cərəyanların baxışlarını əks etdirən tədqiqatlar vardır. Ancaq bu tədqiqatların heç birində Azərbaycan folkloruna, o cümlədən onun magik folkloruna müraciət edilməsə də, Azərbaycan folklorunda semantik struktur və tipologiyanın öyrənilməsindən ötrü çox ciddi nəzəri-metodoloji baza verir. Müəllif monoqrafiya üzərində işləyərkən bu bazadan yararlanmışdır.

Sonda qeyd etmək istərdim ki, milli folklorşünaslığımızda ayrıca olaraq folklorun semantik strukturu və tipologiyası ilə bağlı tədqiqatlar olsa da, folklor və magiya əlaqələri ilə bağlı tədqiqatlar, xüsusilə bu əlaqələrin semantik strukturu və tipologiyası ilə bağlı əsərlər, demək olar ki, yox dərəcəsindədir. Bunu nəzərə alaraq qətiyyətlə demək olar ki, bu kitab müasir folklorşünaslığa gözəl bir töhfədir. Kitab folklor və magiya əlaqələri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə