Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib

"Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür. Bu gözəl binada 394 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilir. Mən sizi bu münasibətlə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gözəl binada rahat yaşayasınız". Bunu dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxış edərkən deyib.

Ali baş Komandan bildirib ki, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl mənim tərəfimdən müvafiq Fərman imzalanıb: "Fərmana əsasən, qüsursuz xidmət göstərən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib. Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir. Azərbaycan nadir ölkələrdəndir ki, belə proqram icra edilir. Bu, bir daha dövlətimizin hərbi qulluqçulara göstərdiyi böyük diqqətin təzahürüdür, bunun nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə