"Azərbaycanda il ərzində adambaşına düşən tullantının miqdarı 350 kq-dır"

“Tullantıların idarə olunması ətraf mühitin qorunması üçün böyük rol oynayır. Bütün dünyada olduğu kimi Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir”. SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Azərbaycan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

O bildirib ki, ölkənin inkişaf səviyyəsindən asılı olaraq adambaşına düşən tullantı miqdarı da dəyişir: “İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir. İnkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantının miqdarı 400-500 kiloqram arasında dəyişir: “Azərbaycanda isə bu, 350 kiloqramdır”.

ASC sədri söyləyib ki, BMT-nin hesabatına görə hər il okeana 8 milyon ton plastik tullantı atılır: “Bu belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimzcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş, məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyanı üzərinə götürür”.

E.Abbasov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi politelin paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır: “Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsini tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə