Seymur Orucov: “Gənclər Forumu görülmüş işlərin hesabatıdır” - ÖZƏL - AÇIQLAMA

“Azərbaycan Gənclərinin VIII Forumu münasibəti ilə ölkə gəncliyini səmimi qəlbdən təbrik edirəm. Bu Forum 2014-cü ildən gənclər siyasəti ilə bağlı görülmüş işlərin hesabatıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

O, Forumun öncə regionlarda keçirildiyini, iclaslarda bölgə gənclərinin fikirlərinin dinlənildiyini vurğulayıb: “Yekun Forum hazırda Bakıda keçirilir və ölkə başçısına məruzə edilir. Bu Forum gənclər və idman siyasətinin həyata keçirilməsi üçün bir sənədlər toplusuna çevriləcək”.

S.Orucov bu gün Azərbaycan gəncliyinin inkişafı üçün lazımi şəraitin yaradıldığını qeyd edib: “Bu gün gənclərimiz istənilən sahədə özlərini göstərə bilirlər. Elə bir sahə yoxdur ki, orada gənclərə diqqət və qayğı olmasın. Gənclərimiz gələcəklərini yaxşı qurmaları üçün daha savadlı və bilikli olmalıdırlar. Azərbaycan gəncliyi bu uğurlu siyasəti həyata keçirən, bizi düşünən dövlət başçımız və Birinci vitse-prezidentimizə məqsədyönlü siyasətin həyata keçirilməsində dəstək olur”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə