AQTA yeni Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyinin tabeliyindəki “Analitik Ekspertiza Mərkəzi’’ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib. Agentlikdən SİA-ya verilən xəbərə görə, memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və “Analitik Ekspertiza Mərkəzi’’ MMC-nin direktoru Murad Süleymanov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev bildirib ki, anlaşma memorondumunun imzalanmasında əsas məqsəd qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifələrinin və hüquqlarının həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılmasıdır.

“Analitik Ekspertiza Mərkəzi’’ MMC-nin direktoru Murad Süleymanov qeyd edib ki, satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələri dövriyyədən çıxarılması üzrə birgə yoxlamaların aparılması, eyni zamanda mütəmadi monitorinqlərin aparılması qarşılıqlı əməkdaşlıq planlarına daxildir.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və “Analitik Ekspertiza Mərkəzi’’ MMC-nin direktoru Murad Süleymanov əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə normativ hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlara uyğun olaraq hazırlanması, təhlillərin aparılması, mövcud qanunvericliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində tərəflərin mütəxəssislərinin iştirakı ilə birgə işçi qruplarının yaradılması əsas istiqamətlərdən biridir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...