İlham Əliyevin dövlət idarəçilik fəlsəfəsi və Azərbaycan diasporunun yeni inkişaf mərhələsi

Yəhya Babanlı,

Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert

Müasir Azərbaycan tarixinin "qızıl dövrü" milli heysiyyəti və üstün dünyagörüşü ilə dövlətçiliyin keşiyində qətiyyətlə dayanan İlham Əliyev fenomeni ilə birbaşa bağlıdır. İlham Əliyev şəxsiyyətinin ölçüyəgəlməz və müqayisəolunmaz böyüklüyü onun fəaliyyətinin geniş spektri ilə əlaqəlidir. 15 il bundan əvvəl "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyib ali dövləti vəzifəni çiyinləri üzərinə alan İlham Əliyev əməli addılmları ilə təkcə ölkə ərazisində deyil, vətənin hüdudlarından kənarda məskunlaşan, yaşayan, eləcə də özünü qəlbən azərbaycanlı hesab edən - ümumdünya azərbaycanlılarının Lideri oldu. Bütün parametrləri ilə örnəyə çevrilən şəxsiyyət, eyni zamanda, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Mən Ona özüm qədər inanıram" düşüncəsindəki etimadı müdrikliklə doğrultdu. Onun başlatdığı həyati vacib əhəmiyyətli işləri, müasir dövlət idarəçilik fəlsəfəsini reallaşdıra bildi. Bu dövr ərzində 50 milyonluq bir ailəni birləşdirən dəyəri zənginləşdirməyi bacardı. Azərbaycançılıq ideyasını təkmilləşdirdi və Azərbaycan diasporunun yeni inkişaf mərhələsini müəyyən etdi.

Mübaliğəsiz olaraq, hər bir liderin ali keyfiyyəti, yüksək dəyəri rəhbərlik etdiyi dövlətə xidməti və xalqa faydalılığı, ilk növbədə vətənə sədaqəti, milli adət-ənənələrə sadiqliyi, vətəndaşlara hörməti, məhəbbəti, diqqəti və qayğısı ilə ölçülür. Liderlik keyfiyyəti və xarizması zamanı qabaqlamaq, düzgün və vaxtında təhlil etmə bacarığı, baş vermiş hər hansısa bir situasiya anında çevik tədbir görmə məharətidir.

Bu baxımdan, İlham Əliyevin Vətən qarşısında xidməti və azərbaycançılıq idealogiyasının bütövləşdirilməsi, irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi, dünyada milli cizgilərimizin, kimliyimizin təbliği baxımından mübarizliyi, əzmkarlığı və lider olaraq təəssübkeşliyi əsl örnək hesab edilə bilər. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin nüfuzlu "Rai İnternational" telekanalının proqramına müsahibəsində dediyi mühüm həsas və strateji məqam diqqəti daha çox çəkir. Elə mövzumuza da Prezidentin məsələyə orijinal yanaşması ilə sitat gətirməklə başlamaq yerinə düşər.

Belə ki, jurnalistin "Sizin üç övladınız var. Onlar daha çox Qərbə, yoxsa Şərqə baxırlar?" sualını Prezidentimiz belə cavablandırmışdır: "Bilirsiniz, bunu demək çətindir. Onlar Azərbaycana baxırlar. Biz öz ölkəmizdə ənənələrimizi, həyat tərzimizi, mentalitetimizi çox yüksək qiymətləndiririk. Azərbaycandakı gənc nəsil və ələlxüsus mənim uşaqlarım milli ruhda tərbiyə edilirlər. Onlar üçün Vətən ən ön planda durur. Biz hərdən yüksək səviyyədə olduğunu hesab etdiyimiz Avropa dəyərlərindən danışırıq. Lakin bizim öz dəyərlərimiz var, milli dəyərlərimiz, ulu babalarımızdan qalma dəyərlərimiz var, tariximiz, ənənələrimiz var. Buna görə də uşaqlarımın naminə, bütün cavan nəslin naminə, bütün Azərbaycan xalqının naminə ölkəmizə qayğı ilə yanaşmağı və ölkəni gücləndirmək üçün işləməyi üstün tuturam. Buna nail olmaq üçün bizim həm Qərblə, həm də Şərqlə yaxşı münasibətlərimiz olmalıdır. Azərbaycanda hər şey məhz bu cür baş verir və bəlkə də bu, bizim uğurlu inkişafımızın səbəblərindən biridir".

Bu müsahibə Azərbaycanın qədim tarixinə, mədəniyyətinə, incəsənətinə, dilinə sonsuz sevginin əyani təzahürüdür. Həmçinin bu, mübaliğəsiz və şəksiz onu deməyə imkan verir ki, ölkəmizin təbliğ olunmasına, onun dünyaya tanıdılmasına bundan böyük əzmkarlıq ola bilməz. Dəfələrlə ulu əcdadlarımızdan miras qalan dəyərlərimizə hörmət və ehtiram nümayiş etdirən, ailəsi ilə birlikdə bu adət-ənənəyə nümunə olan İlham Əliyev bir daha Avropa mədəniyyətinin mərkəzi sayılan qədim Romada öz mövqeyini açıq şəkildə nümayiş etdirməklə qədim və zəngin, Şərq və Qərb mədəniyyətini uğurlu, orijinal bir şəkildə təcəssüm etdirən ölkəmizi təqdim etdi. Məhz belə bir millətsevərlik bazasına əsaslanan liderlik fəaliyyəti dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, onların öz milli-mədəni identikliyini dərk etmələri və qorumaları yolunda vacib faktora çevrilmişdir. Bu baxımdan xatırlatmaq lazım gəlir ki, İlham Əliyevin ölkəmizə rəhbərlik etməzdən öncə də Azərbaycanın ziyalı və işgüzar diasporunun yaradılmasında müstəsna xidmətləri olmuşdur. Hələ Moskvada tələbəlik illərində Azərbaycan mədəniyyətinin daşıyıcısı olmuş İlham Əliyev milli birliyin təbliğatçısı kimi çox böyük işlər görmüşdür. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) müəllim fəaliyyəti ilə məşğul olanda da bu məsələyə diqqət yetirmiş və burada yaşayan həmvətənlərimizlə sıx əlaqələrin qurulmasına və azərbaycanlıların təhsil almalarına imkan yaratmış, onların üzləşdiyi problemlərin həll olunmasında öz köməyini əsirgəməmişdir. Sonrakı dövrlərdə dünyanın müxtəlif ölkələrində soydaşlarımızın təhsil almasına, onların səmərəli fəaliyyətlə məşğul olmasına və milli brendlər adı altında ölkəmizin təbliğ edilməsinə diqqət yetirmişdir. Bunları sovet idealogiyasının məhdud çərçivəsində diaspor fəaliyyəti və lobbi işinin başlanğıcı kimi dəyərləndirsək, yanılmarıq. Məhz milli-mədəni irsin qorunması və millətin bütün dünyada yüksəlişi məsələsinə İlham Əliyevin şəxsi yanaşması, həssaslığı, dövlət başçısı kimi diqqət və qayğısı, bu məsələdə ailəsi ilə birgə örnək olması, qədim tarixə malik xalqımızın min illər boyu qoruyub saxladığı zəngin dəyərlərimizə, mədəni irsimizə, tarixi köklərimizə bağlılığını aşılayır. Bu prinsipial varislik diaspor siyasətində də özünü açıq-aşkar şəkildə göstərir və inkişaf mexanizminin ana xəttini təşkil edir.

Məlum olduğu kimi, XXI yüzillikdə yeni meyarların, müasir tələblərin meydana çıxdığı tarixi dönəmi yaşayırıq. Zamanın tələbləri insanların yanaşma tərzini, onların milli xüsusiyyətlərini, əmək vərdişlərini dəyişməyə sövq edir. Bunun başlıca səbəbi kimi açıq sərhəd siyasətinin olması, texnologiyaların dövrün iqtisadi tələblərinin sürətlə dəyişməsi, sosial şəbəkələrin geniş vüsət almasıdır. Belə bir şəraitdə qlobal əməkdaşlığın inkişafımızda nə dərəcədə rolu varsa, milli vəhdət və milli mənfəət uğrunda mübarizənin də o dərəcədə möhkəmlənməsi və qüdrətlənməsi üçün təsir imkanları yaradır.

Məsələn, müasir dövrdə bir sıra ölkələrdə mövcud Qərb standartı adlanan idarəetmə sistemi - kapitalizm ictimai-iqtisadi formasiyası ilə yanaşı, ənənəvi üsul-idarə metodu qorunub saxlanılmışdır. Bu, həmin ölkələrin inkişafına mühüm təsir göstərir. Misal olaraq, Böyük Britaniyada krallıq, Yaponiyada, Çində imperatorluq kimi ənənələrin keçmişi yaşatmaqla bərabər çağdaş dövrə və gələcəyə uyğunlaşdırılması müsbət tendensiya formalaşdırır. Bizdə isə ulu əcdadlarımızdan miras qalan və ümumbəşərilik, sivil birgəyaşayış baxımından rəğbət göstərilən milli-mənəvi dəyərlərin toplam olaraq yaşadılmasının cəmiyyətimizə çox böyük fayda verəcəyi şübhəsizdir. Hazırkı durumda beynəlxalq münasibətlər sisteminin dəyişməsi belə məsələlərin gündəmə çıxmasına əsas yaradır. Qeyd edilən fikir milli adət-ənənələrin dünyaya inteqrasiya adı altında məhv olması təhlükəsinin aradan qaldırılmasında və digər tendensiyaların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin dünya azərbaycanlılarının məhz milli dəyər və kolorit ətrafında birləşdirilməsi üçün də bu məqam vacibdir. Çünki birmənalı şəkildə söyləmək olar ki, yalnız milli dəyərlərin qorunub saxlanması ilə milli, eləcə də bəşəri tərəqqiyə töhfələr verilə bilər.

Qədim Odlar Yurdu - Azərbaycan qədim tarixin müasiri, milli dəyərləri özündə yaşadan, ümumbəşəri prosesin iştirakçısı olan, Şərqlə Qərbin qovuşduğu, Asiya ilə Avropanın bitişdiyi, ulu yaddaşların, dinlərin və mədəniyyətlərin birləşdiyi, qitələrarası və sivilizasiyalararası əlaqələndirici roluna malik coğrafi nöqtədə yerləşən diyardır. Bura Şərq klassikliyinin, Qərb modernizasiyasının simvoludur. Ölkəmiz bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olmaqla sivilizasiyalararası inkişafa daim töhfələr bəxş etmişdir. Bu məmləkət özünün füsunkar təbiəti, əsrarəngiz florası və zəngin faunası ilə seçilən unikal məkandır. Müxtəlif etnosların məskunlaşması və bir-birlərinə olan dostluq, qardaşlıq münasibətləri burada olan ümumbəşəri dəyərlərə hörmət, dini dözümlülük və tolerantlığın bariz göstəricisidir. Azərbaycan tarixi-etnik məkan, azərbaycanlılar isə buranın avtoxton etnosudur. Qədim insan məskənlərindən biri, dünya sivilizasiyalarının beşiyi, tarixən dinlərarası dialoqun ev sahibi olan bu müqəddəs torpaq hər birimizə yaxın və doğmadır. Azərbaycan tarixən müxtəlif hücumların müdafiəçisi olmuşdur. Bu hallar milli-mənəvi birliyi dağıtmamış, əksinə, daha da həmrəy olmağa rəvac vermişdir. Tarixən dünyanın müxtəlif ərazilərinə səpələnən soydaşlarımıza öz isti qucağını açan Azərbaycan bütün xalqlara humanist münasibəti ilə seçilmişdir. Məhz belə bir Vətəndən pərvaz olan soydaşlarımızın - diaspor nümayəndələrimizin həmrəyliyi və mütəşəkkil birliyə çevrilməsi üçün bütün imkanlar var və bu imkanlar Prezidentimizin məqsədyönlü fəaliyyəti sayəsində artıq gerçəkliyə çevrilir. Bu gün dünyanın beş qitəsinə səpələnən 50 milyonluq azərbaycanlı şəxsi (maddi) "mənəm-mənəmlik" prinsipi ilə bərabər, birgə (mənəvi) varlığın daşıyıcısı və təbliğatçısıdır. Hər bir millətin kimliyi onun özünəməxsusluğunda, mentalitetində əks olunur. Toplumun psixologiyası, düşüncə tərzi, ailə-məişət münasibəti, bir sözlə, ümumi vərdişi ilə onun mənsubiyyəti müəyyən edilir. Ötən əsrin sonlarında dünyanın fiziki xəritəsinin prinsipial konturlarının dəyişməsi, xalqları və dövlətləri qırmızı imperiya ideologiyası altında birləşdirən keçmiş SSRİ-nin süqutu siyasi tarixdə yeni mərhələnin başlanması ilə təzahür etdi. Avropa və Asiyanın geosiyasi arealında münbit ərazilərə hakim olmaq istəyi və bu coğrafi məkanda hegemonluq arzusu postsovet məkanında xaos və anarxiyanın yaranmasına səbəb oldu. Bu, hər bir keçmiş sovet ölkəsində olduğu kimi, Azərbaycanın da ictimai-siyasi, sosial-iqtisadi həyatda geriləməsinə gətirib çıxardı. Azərbaycanın qloballaşmanın geniş vüsət aldığı bir zamanda müstəqil dövlət kimi XXI əsrə qədəm qoyması bizim qarşımıza yeni tələblər qoydu. Məhz bizdə də özünə qayıdış-keçmişimizi əks etdirən bir elementin gündəmə gətirilməsi artıq zərurətə çevrildi. Bunların içərisində ən önəmlisi milli təhlükəsizlik konsepsiyasının qəbul olunması və onun cəhətlərinin təyin edilməsi idi. Təkcə Azərbaycanda deyil, bu coğrafi məkandan kənarda yaşayan azərbaycanlılarda da milli mənlik şüuru canlanmağa və formalaşmağa başladı. Sovet Azərbaycanının vətəndaşı, müstəqil dövlətin vətəndaşına çevrildi. Müasir Azərbaycanın dünya birliyinə suveren dövlət kimi üzv qəbul olunması dünya azərbaycanlılarının qarşısına yeni imkanlar açdı. Gənc dövlətimizin düşünülmüş milli strategiyası əsasında ölkə ərazisinin hüdudlarından kənarda yaşayan soydaşlarımızın milli maraqlarının müdafiəsi məqsədilə qanunlar qəbul olundu. Dövlətin bu istiqamətdə əsas strateji xətti müəyyənləşdirildi. Beləliklə, tarixin müxtəlif dönəmlərində fərqli səbəblərdən Vətənini tərk edərək Yer kürəsinin fərqli ərazilərinə səpələnən toxumlar cücərməyə və inkişaf etməyə başladı - diasporumuzun formalaşma və təşkilatlanma mərhələsinə start verildi.

Azərbaycanın tarixi və mədəniyyəti kimi diasporu da kifayət qədər qədim və zəngindir. Dünyada təqribi sayı 50 milyon nəfər olan azərbaycanlıların böyük hissəsi hazırda vətənlərindən kənarda yaşayır. Planetin 5 qitəsində məskunlaşan soydaşlarımızın sosial-mədəni və iqtisadi-siyasi fəaliyyətləri yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlif meyarlarla sıx əlaqədardır.

Tarixə nəzər salsaq görərik ki, müxtəlif dövrlərdə müstəqil dövlətimizin olmaması milli diasporumuzun təkamülünə, tarixi vətənlə əlaqəsinə imkan verməmişdir. Azərbaycan diasporunun təşkilatlanmasının və fəaliyyətinin geniş xarakter alması ötən əsrin sonlarında yaranan geosiyasi proseslər nəticəsində başladı. Belə ki, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktını qəbul etməsi, təkcə ölkə ərazisində yaşayan azərbaycanlıların həyatında deyil, bəşər tarixinin müxtəlif dövrlərində dünya ölkələrinə səpələnən, özünə ikinci vətən seçən soydaşlarımızın və həmvətənlərimizin həyatında da yeni bir mərhələnin başlanmasına vəsilə oldu.

Azərbaycan müstəqillik yollarında inamla irəlilədikcə diasporumuzun mütəşəkkilliyinə rəvac verdi. Xaricdə yaşayan azərbaycanlılarla iş istər daxili, istərsə də xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Onların hüquq və əsas azadlıqlarının təmin edilməsi diqqət mərkəzində saxlanıldı. 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu işində böyük addım olmaqla, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil qaydada təşkilatlanmasına rəvac verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci il 5 iyul tarixində "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" əsasnaməsini və 2002-ci il 27 dekabr tarixində "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanunu müvafiq fərmanlarla imzalaması isə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya edilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması, onların təşkilatlanması baxımından ciddi rol oynadı. Bu siyasətin davamı olaraq, Azərbaycan ziyalılarından, tanınmış şəxslərdən, dövlət və hökumət nümayəndələrindən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılması bu sahəyə yeni nəfəs verməklə yanaşı, həyati vacib əhəmiyyət daşıdığını bir daha təsdiqlədi, eyni zamanda elmi potensialın formalaşmasına və davamlı olaraq inkişafına rəvac verdi.

2006-cı, 2011-ci və 2016-cı illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının II və III qurultaylarının keçirilməsi, müasir dövrün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz zərurətdən irəli gəlmiş və bu sahənin inkişafına öz töhfəsini vermişdir.

2003-cü ilin aprel ayında Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I Forumu və 2006-ci il iyunun 5-də Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I Forumu təşkil olunmuşdur.

Bu xüsusda, 2007-ci ildə Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilməsidə vurğulanmalıdır. Həmin Forumda 48 ölkədən 513 nümayəndə, o cümlədən 73 Azərbaycan, 150 türk diaspor təşkilatının rəhbərləri, 172 xarici ölkəni təmisl edən qonaqlar iştirak etmişdir.

Toplantıya Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qatılmışdır. Forumda haqlı olaraq Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə ən yüksək fikir birliyi var və bu birlik əbədidir. Bu hər iki ölkə və xalq üçün bir sıra ümummilli məsələlər və problemlərin həlli istiqamətində atılmış dəyərli addımdır.

2010-cu ildə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresinin və 2011-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan Federasiyası - İsveçin (AFİ) dəstəyi ilə Azərbaycan, Türkiyə, Finlandiya, Almaniya və İsveçin müxtəlif şəhərlərindən olan ictimai fəal qadınların iştirakı ilə Dünya Azərbaycanlı Qadınlarının I qurultayının keçirilməsi də bu qəbildəndir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra soydaşlarımızın təşkilatlanması daha geniş vüsət alıb. Sadalananları təsdiqləmək məqsədilə təkcə Azərbaycan diasporunun kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə etmək üçün Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III və IV qurultayının açılış mərasimindəki nitqindən br məqamı qeyd etmək lazımdır: əgər, 2002-ci ilə kimi xaricdəki təşkilatlarımızın sayı 218 idisə, artıq bu qurumların sayı 420-ni keçib.

Ötən dövr ərzində Azərbaycan diaspor təşkilatlarının sayında artım olub və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatların sayı 453-ə çatıb. Kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləridə yüksəlib.

Diaspor məfhumu müasir dövrdə olduqca aktualdır, beynəlxalq aləmdə xalq diplomatiyasının subyekti statusunu qazanmışdır. Hətta mütəxəssislər diasporu müasir dünyanın ayrılmaz atributu hesab edirlər, çünki diaspor dünyada gedən qlobal proseslər, geosiyasi hadisələr fonunda baş verən dəyişikliklər nəticəsində "siyasi alətə" çevrilərsə, poloetnik mühitin qorunmasına zərbə vuracaqdır ki, bu da seperatizmin baş qaldırmasına gətirib çıxara bilər. Bütün bunlar bizi dərindən düşündürməyə vadar edir və milli maraqlarımızın qorunmasında həssas məsələ hesab olunan diaspor potensialını düzgün dəyərləndirməyin və istiqamətləndirməyin zəruriliyini ön plana çəkir. Diaspor fəaliyyətində başlıca məqsəd mənsub olduğu etnik azlığın mədəniyyətini, dilini qoruyub saxlamaqdan ibarət olmalıdır. Beynəlxalq səviyyədə isə müxtəlif xalqların diasporları ilə "milli və bəşəri dəyərlərin qorunması naminə birgə fəaliyyət proqramları"nın hazırlanması və tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Əksər tədqiqatçıların gəldiyi qənaətə görə qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.

Məhz müstəqillik illərində milli diasporumuzun və diplomatiyamızın birgə səyinin nəticəsidir ki, Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması istiqamətində bir çox işlər görülmüşdür. Məsələn, Xocalı faciəsini tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar vardır. İslam Əməkdaşlığı Təşkilatı, Pakistan və Sudan onlar sırasındadır. Eləcə də bu faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlarda mövcuddur. Beləliklə, müxtəlif dövlətlərin senatında, parlamentində və milli assambleyasında - Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, Honduras, İordaniya, Cibuti, İrlandiya, ABŞ-ın 20-dən çox ştatlarında Xocalıda baş vermiş soyqırımın rəsmən tanınmasına nail olunmuşdur.

Son illər diasporumuzun fəaliyyəti sosial-mədəni sferadan çıxaraq ictimai-siyasi fəaliyyət müstəvisinə keçmiş, bu da lobbiçiliyin formalaşmasına və inkişafına əsas yaratmışdır. Bununla əlaqədar bir neçə faktı sadalamaq kifayət edər. Ölkəmizin dünyada geniş auditoriyaya malik nüfuzlu "Eurovision" mahnı müsabiqəsində qələbəsini, respublikamızın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Davos İqtisadi Forumuna, I Cənubi Qafqaz Forumuna ev sahibliyi etməsini, habelə 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsini həm dövlətimizin, həm də müvəqqəti və daimi milli diasporumuzun, lobbimizin uğuru hesab etmək olar.

Hazırda bu sahədə müasir proses başlanılmışdır. Belə ki, xaricdə Azərbaycanın mədəniyyət və ticarət evlərinin yaradılması, milli tariximizi əks etdirən eksponatlardan ibarət sərgilərin keçirilməsi, milli brend məhsullarının yarmarkalarının təşkili, butiklərin açılması kimi tədbirlərin reallaşdırılması ənənəsinin davam etdirilməsi vacib xarakter daşıyır.

Bu sahənin tam dövlət maraqlarına və zamanın çağırışlarına cavab verməsi üçün elmi potensialdan, kütləvi informasiya vasitələrindən və innovativ texnologiyaların imkanlarından yetərincə yararlanmağımız vacib hesab edilə bilər. Nəzərə almalıyıq ki, diaspor könüllü fəaliyyət olub, ictimai xarakter daşıyır. Diasporu milli maraqların, adət-ənənələrin qorunmasında vasitə kimi görürüksə, onun hər hansı bir mərkəzi adda birləşməsi, buna görə də diaspor şüuruna malik şəxsin hər hansı bir mərkəzləşdirilmiş təşkilatda olması bir o qədər də əhəmiyyət daşımır. Əgər, hər hansısa bir kəsdə "sağlam diaspor şüuru" formalaşıbsa, o, yaşadığı cəmiyyətə inteqrasiya edərək öz milli xüsusiyyətlərini, dilini qoruyub saxlayacaq və gündəlik həyatında vətənini ləyaqətlə təmsil edəcəkdir. Bu gün ölkə vətəndaşlarımızla yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tarixi Vətənimiz - Azərbaycanın keçmişi, indisi, gələcəyi ilə bağlı milli birlik və həmrəylik nümayiş etdirirlər. Dövlətimizin səyi ilə əldə olunmuş bu böyük uğur Azərbaycanın ulu əcdadlarımızdan, ata-babalarımızdan qalan dərin və dəyərli irsini göz bəbəyi kimi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Dövlət Başçımızın nüfuzu sayəsində müasir Azərbaycan geniş arealda, sərhədləri aşaraq dünyanın beş qitəsində nüfuzunu gündən-günə yüksəltməyə və xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiə edə, hərtərəfli qayğısına qala biləcək potensiala qadirdir.

Hazırda görülən əməli işlərin sayəsində Azərbaycan diasporu dövlətçiliyimizin simasında çiçəklənmə dövrünü yaşayır. Buna görədir ki, diaspor nümayəndələrimiz məskunlaşdıqları və yurd saldıqları donor ölkələrdə rahatca genişmiqyaslı tədbirlərin təşkil olunmasına, Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, müxtəlif təyinatlı sərgilərin təşkil edilməsinə, milli kinomuzun nümayişinə, tanınmış şəxsiyyətlərimizin, ədəbiyyat və incəsənət adamlarımızın həyat və yaradıcılıqlarından bəhs edən tədbirlərin reallaşdırılmasına nail olmuşlar. Bu ənənəvi tədbirlər düşünülmüş plana uyğun olaraq intensiv şəkildə dünyanın müxtəlif ölkələrində davam etdirilir.

Bəşəriyyətin təkamül prosesi mərhələli, ölçüsüz və məhdudiyyətsizdir. Lakin bu inkişafı sürətləndirən səbəblər və mövcud proseslər vardır. Burada sosial məsələlərin, mədəniyyətlərarası dialoqun özünəməxsus yeri və rolu vardır. Yeni dünya nizamında diaspor sosial-mədəni, hətta, həssas strateji faktor kimi vacib elementə çevrilib. Diaspor milli ideoloji amil kimi vətəndən kənarda ümumi mənafe və xüsusi dəyərlərin daşıyıcısı, təmsilçisi, təbliğatçısı və mühafizəçisidir. Diaspor xalqların yaxınlaşması, inteqrasiyası, dövlətlərarası münasibətlərin qurulması və inkişafında mütərəqqi vasitədir. Məhz diaspor amili inteqrasiya ilə təmas təşkil etməklə həm milli birliyi, həm də dünyəvi təkamülü özündə əks etdirir. Hazırda mahiyyətcə və keyfiyyətcə yeni dövrünü yaşayan Azərbaycan diasporu "azərbaycançılıq" idealogiyası fonunda özünün mütəşəkkilliyi, möhkəmlənməsi ilə bərabər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan diasporunun yeni fazaya daxil olması, lobbi fəaliyyətinə keçməsi müasir dövrün çağırışıdır. Görülən və görülməkdə olan işlər planetimizin aydın səması altında azərbaycanlılar eyni məqsəd ətrafında sıx birləşərək milli təəssübkeşliklə bəşəriyyətə xidmət edəcəklər.

Azərbaycanın mütərəqqi dövlət siyasəti, Ümummilli Liderinin unikal ideologiyası və Dövlət Başçısının müfəssəl dəsti-xətti buna imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə