YAP Suraxanı rayon təşkilatının nümayəndələri Milli Məclisdə

Milli Məclisdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatın Gənclər Birliyinin bir qrup üzvü Milli Məclisdə oldu. SİA-nın məlumatına görə, qonaqları Milli Məclisin Suraxanı rayonundan seçilmiş deputatı Sevinc Fətəliyeva salamladı. Onlara Milli Məclisin fəaliyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, qəbul edilən sənədlər barədə ətraflı məlumat verdi. Millət vəkili 2018-ci ilin cənab Prezident tərəfindən "Cümhuriyyət ili" elan edilməsinin təsadüfi olmadığını, bu ilin xalqımızın şərəfli tarixində parlaq bir səhifə olduğunu vurğuladı. Bu görüşün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümünə hazırlıq getdiyi bir ərəfədə baş tutmasının əhəmiyyətindən danışdı. Onlara lazımi tövsiyələr verdi. Görüşdə iştirak edən parlamentin komitə sədrləri Siyavuş Novruzov və Ülvi Quliyev, millət vəkili Kamran Bayramov vurğuladılar ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin taleyi çox böyük təhdidlərlə üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qısa müddətdə mövcud problemlərin həllində xüsusi rol oynadı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə Gənclər günü təsis olundu, respublika Gənclərinin ilk Forumu keçirildi, idman sahəsində böyük nailiyyətlərə imza atıldı. Azərbaycanda gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirmək, həyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün qanunvericilik bazası yaradıldı, böyük kapital qoyuluşları həyata keçirildi. Bu gün gənclər Azərbaycanın güclü dayaqlarından birinə çevrilmişlər. Ölkəmizdə gənclərin bütün istiqamətlərdə fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. İndi gənclərimiz proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. YAP Gənclər Birliyi isə bu gücün Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissəsidir. Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, gənclərə dövlət dəstəyi və qayğısı, Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlər, həyata keçirilən dövlət proqramları barədə geniş fikir mübadiləsi aparıldı. Gənclərlə keçirilən belə görüşlərin əhəmiyyəti vurğulandı, bu ənənənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı. Görüşün sonunda gənclər onlar üçün yaradılmış bugünkü fürsətə görə parlament rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Onları maraqlandıran suallara millət vəkilləri tərəfindən ətraflı cavablar verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...