"Yeniliklərdən gözləntimiz böyükdür" MÜSAHİBƏ

Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir. Ölkə başçısı cənab İlham Əliyev andiçmə mərasimində hakimiyyətinin növbəti mərhələsində Azərbaycanda ciddi iqtisadi islahatlara gedəcəyini açıqladı. Böyük kadr dəyişikliyinə gedən möhtərəm prezidentimiz xüsusən özəl sektorun davamlı inkişafını önə çəkdi. Lənkəran rayonunda fəaliyyət göstərən “Yaşıl çay” FT MMC-nin rəhbəri Araz Yağubov bizimlə söhbət zamanı Prezident İlham Əliyevin hökümətdə apardığı kadr dəyişikliyindən məmnunluğunu gizlətmədi.

- İlk növbədə istər ölkə daxilində, istərsə də xaricdə yaxşı tanınan Novruz Məmmədovun Baş nazir təyin olunması çox uğurlu seçimdir. Fürsətdən istifadə edib yeni Baş nazirimizi təbrik edir, ona bu məsul vəzifədə müvəffəqiyyətlər arzulayıram. Aqrar sahədə çalışan bir insan kimi məni Kənd Təsərrüfatı nazirinin kim olacağı daha çox maraqlandırırdı. Möhtərəm İlham Əliyev növbəti prezidentlik dövrünə daha müasir, gənc kadrlara üstünlük verməklə ürəyimdən xəbər verdi. Belə ki, “ASAN Xidmət” kimi şəffaf bir quruma rəhbərlikdə hamının rəğbətini qazanmış İnam Kərimovun Kənd Təsərrüfatı naziri vəzifəsinə təyinatı həqiqətən sevindirici bir hadisə oldu. 2012-ci ildən bəri təyin olunduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri kimi fəaliyyət göstərən İnam Kərimovun ötən müddətdə öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmiş, xalqın rəğbətini qazana bilmişdir. “ASAN Xidmət” bu qısa müddətdə Azərbaycan brendi kimi dünyada ad çıxarmış və BMT kimi yüksək qurumda bu xidmətin fəaliyyəti xüsusi qeyd edilmişdir. “ASAN Xidmət” sayəsində bürokratik əngəllərdən, süründürməçilikdən azad olan adamlar, daha qısa müddətdə və şəffaf surətdə lazımi sənədləri əldə edirlər. Ölkə başçısının parlaq ideyası olan bu layihənin uğurla yerinə yetirilməsində, haqlı olaraq bu Xidmətə rəhbərlik edən İnam Kərimovun əməyi az deyildir. Məhz İnam Kərimovun bu uğurlu fəaliyyəti diqqətdən qaçmamış və ölkə başçısı cənab İlham Əliyev bu gün qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatı kimi məsul bir sahəyə rəhbərliyi ona həvalə etmişdir. Ona bu işdə uğurlar arzulayıram.

- Bu gün ölkəmizdə aqrar sahənin daha intensiv surətdə inkişafı üçün geniş tədbirlər görülür. Hər bir sahə üzrə Dövlət proqramları qəbul edilib, yol xəritələri hazırlanıb, icrası ilə bağlı sərəncamlar verilib.

- Həqiqətən hazırki dönəmdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi qarşıda duran əsas məsələlərdən biri də aqrar sahənin inkişafıdır. Dövlət başçısının respublikamızda az qala unudulmaqda olan ənənəvi əkinçilik sahələrinin, paşmbıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, çəltikçilk və digər sahələrin yenidən bərpa edilməsini strateji xətt kimi irəli sürmüş, bununla bağlı sərəncamlar imzalamış, müvafiq dövlət proqramları qəbul edilmişdir. Bütün bu sahələr valyuta tutumlu olduğundan ölkəmizdə bu sahələrin inkişafı prioritet məsələlər kimi qarşıda durur. Bu qədər önəm daşıyan sahəyə öz bilik və bacarıqlarını “ASAN Xidmət”in sədri kimi öz praktik fəaliyyəti ilə böyük nüfuz qazanmış İnam Kərimova tapşırılmışdır. Belə bir şəxsin Kənd Təsərrüfatı naziri təyin olunması biz aqrar sahədə çalışan iş adamlarını sevindirməyə bilməzdi. Bu gün kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə böyük ehtiyac duyulur. Bu ideyaların həyata keçirilməsində Kənd təsərrüfatı Nazirliyiyinin üzərinə də böyük məsuliyyət düşür. İnam Kərimov kimi müasir düşüncə tərzinə malik bir kadrın bu sahədə uğur qazanacağına böyük ümid vardır.

- Hazırda rəhbərlik etdiyiniz təsərrüfatda hansı işlər görülür?

- Yeri gəlmişkən, qeyd etməliyəm ki, Möhtərəm prezidentimiz 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində keçirdiyi “Çayçılıq, çəltikçilk və sitrusçuluğun inkişafına həsr olunan müşavirə”də kənd təsərrüfatı məhsullarının istehsalında daha müasir texnologiyalardan yararlanmağı hamımıza tövsiyyə etdi. Ötən il yeni çay plantasiyaları salarkən qərara aldım ki, çay yetişdirilməsində yapon texnologiyasına müraciət edim. Və ilk dəfə olaraq müasir ypon texnologiyası əsasında sıxlaşdırılmış çay əkini keçirdik. Əgər ənənəvi üsulla hər hektarda 25-26 min ədəd çay şitili əkilirdisə, yeni üsulla hər hektarda 56-58 min ədəd çay şitili əkilir. Bu, bizə əmək xərclərini azaltmaqla bərabər daha çox məhsul götürməyə imkan verəcəkdir. Çay əkinində müasir texnologiyadan istifadə etməklə yanaşı çay emalı prosesində də müasir texnoloji avadanlıqlardan istifadə etməyə çalışırıq. Bu məqsədlə İran İslam Respublikasının tanınmış “AVİN” şirkətinin müasir yapon texnologiyası əsasında hazırladığı çay emalı və bükücü avadanlıqların alınması barədə müqavilə imzalamışıq. Hazırda çay emalı seximizdə bununla bağlı qızğın hazırlıq işləri gedir. Çalışırıq ki, işlərimizi çay yığımı mövsümünə qədər başa çatdıraq.

- Bu il təsərrafatınızda ilk dəfə barama da yetişdiriləcək. Bu barədə nə deyə bilərsiniz?

- Barama istehsalı nəinki bizim üçün, həm də əsasən çayçılıqla məşğul olan qəsəbəmiz üçün də yeni bir sahədir. Ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı məlum sərəncamından sonra qərara aldım ki, öncə baramaçılığın inkişafı üçün yem bazasını yaradaq. Bu məqsədlə 2016-cı ildə dövlətimiz tərəfindən Çindən alınmış və Lənkəran rayonuna ayrılmış 40 min ədəd tut tingindən 12 min ədədi təsərrüfatımıza verildi. 1,2 ha sahədə bağ saldıq. Yüksək aqrotexniki qulluq sayəsində ağaclar yüksək səviyyədə inkişaf etdi. 2017-ci ilin sentyabrın 2-də cənab Prezident İlham Əliyev cənub rayonlarına səfəri çərçivəsində təsərrüfatımızda oldu. Ölkə başçısı çay plantasiyaları ilə yanaşı, yeni salınmış tut bağımızla da maraqlandı. Əldə etdiyimiz nəticələr cənab Prezidentin xoşuna gəldi. Həmin görüşdə cənab İlham Əliyevə söz verdim ki, baramaçılığın inkişaf etdirilməsi üçün səylərimi bundan sonra da əsirgəməyəcəyəm. Ötən il daha 12min 500 ədəd Çindən gətirilmiş tut tingi əkməklə yanaşı 2016-cı ildə əkdiyimiz bağdan da 100 min ədəd çiling hazırlayaraq 5 ha sahədə yeni tut plantasiyası salmışıq. Bu il isə barama yetişdirmək üçün müasir kümxana tikilib istifadəyə verildi. Bu günlərdə İcra başçısı Taleh Qaraşovun sədrliyi ilə kümxananın açılışı və eyni zamanda rayon kümçülərinin iştirakı ilə baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirildi. İcra başçısı, əlaqədar tşkilatların nümayəndələri, kümçülər yeni kümxanamızla tanış oldular. Onlara baramanın bəslənməsi qaydaları barədə ətraflı məlumat verildi. Bildirdim ki, ilk dəfə olaraq müasir Çin texnologiyası əsasında 750 kq barama yetişdirmyi planlaşdırmışıq. Gələn il isə 10 ton baram istehsal etməyi və 1 milyon ədəd tut çilingi əkməyi düşünürük. Beləliklə, çayçılıqla yanaşı, baramaçılığı da inkişaf etdirməklə gəlirlərimizi, iş yerlərinin sayını daha da artırmağa çalışacağıq. Dövlət başçısı İlham Əliyev tərəfindən aqrar sahəyə bu qədər diqqətin verilməsi bizi daha yaxşı işləməyə ruhlandırır. Sonda onu da qeyd edim ki, hazırki dövrdə çayçılıqda işlədilən texnikaların gətirilməsinə ciddi ehtiyac var.

Yəqin ki, bu məsələlərə diqqət artırılacaqdır. Ümid edirəm ki, İnam Kərimovun “ASAN Xidmət”də təcrübəsi və qazandığı uğurlar kənd təsərrüfatı nazirliyində də köməyinə çatacaq, müasir innovativ üsullarla ölkəmizin aqrar sektoru inkişaf edəcək, bundan təkcə biz iş adamları deyil, bütövlüklə Azərbaycan dövləti fayda götürəcəkdir.

- Müsahibəyə görə sağ olun!

- Siz də sağ olun.

Qələmə aldı, Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə