YAP Masallı rayon təşkilatında təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir FOTO

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş martın 23-də rayonun Kolatan kəndində keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan böyük dövlətlərin tərəfdaşıdır. Ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb”.

Təşkilat sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar. “Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır” - deyə, S.Əliyev əlavə edib.

S.Əliyev YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında seçicilərə məlumat vermiş və 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra Eynəli Rəsulov, Əziz Əliyev və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu dəfə ki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə