Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsi, davamlı olaraq, yüksəlmişdir. İnsana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Son zamanlar dövlət başçısının imzaladığı sosialyönümlü sərəncamlar xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini bir daha göstərir. Sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində, əhalinin, o cümlədən, aztəminatlı təbəqənin etibarlı sosial müdafiəsi yaradılıb və insanların həyat səviyyəsi, davamlı olaraq, yüksəlib.
Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq, parlaq qələbə qazanması və seçkilərdən keçən dövr ərzindəki fəaliyyəti Onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha sübut etdi. Bu müddət ərizində, Azərbaycan bütün sahələrdə inkişaf edib, ölkəmizin daha da güclənməsi üçün uğurlu daxili və xarici siyasət həyata keçirilib. Həyata keçirilən islahatların beynəlxalq qiyməti də, digər illərlə müqayisədə daha fərqlidir. Görülən işlərin nəticəsində, Azərbaycan Dünya Bankının hazırladığı "Doing Business, 2019" hesabatında dünyanın 25 ən yaxşı investisiya mühitinə malik olan, eyni zamanda, 10 ən çox islahat aparan ölkələr sırasına daxil olub. İnvestisiya mühitinə görə, dünyada 25-ci olmaq, praktiki olaraq, aparılan iqtisadi islahatlara beynəlxalq qiymət kimi də xarakterizə oluna bilər.
BU GÜNƏDƏK ARTIQ 10472 ŞƏHİDİN 15498 VƏRƏSƏSİNİN BİRDƏFƏLİK ÖDƏMƏ İLƏ TƏMİNATINA DAİR QƏRAR QƏBUL OLUNUB
Seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. Bu Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə, ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcəyi bildirilirdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Birdəfəlik ödəmə ilə təminat proqrammı, artıq 85,4 faiz icra olunub. Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam etdirilir. Ümumilikdə, qeyd etdiyimiz kimi, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, bu günədək, artıq 10472 şəhidin 15498 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.
"BİZİM ÜÇÜN AZƏRBAYCAN VƏTƏNDAŞLARININ RİFAHI, ONLARIN DOLANIŞIĞI BAŞLICA VƏZİFƏDİR"
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlıqlarını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məlum sərəncamları ilə bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi günü-gündən gücləndirilir. Təkcə bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib. Dövlət başçısı İlham Əliyevin cari ilin fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa koteqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin başladığını xarakterizə edir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Prezidentin, qeyd etdiyi kimi, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı və onların dolanışığı başlıca vəzifədir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə