"Tələbələr üçün bundan böyük xoş xəbər və stimul ola bilməz" ÖZƏL-MÜNASİBƏT

“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı hər bir tələbə üçün xoş xəbərdir. Çünki Sərəncam hansısa müəyyən bir kateqoriya tələbəni əhatə etmir. Sərəncamda da qeyd olunduğu kimi bu həm doktorantlara, magistrlara, bakalvrlara, həm də orta ixtisas və peşə ixtisası təhsili müəssisəsinin tələbələrinə şamil olunur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Faiq Məmmədov deyib.

Sədrin sözlərinə görə, burada söhbət təkcə təqaüdlərin məbləğinin artmasından getmir, həmçinin təqaüd alma imkanı əldə edən tələbələrin sayının artmasından gedir: "Əgər əvvəllər hansısa bir say var idisə, 2019-cu ilin martın 1-dən etibarən 16000 (on altı min) tələbə təqaüd almaq fürsətindən yararlana biləcək. Bu da sonda ona gətirib çıxarır ki, artıq daha çox tələbə bu rəqabətdə iştirak edəcək. Digər tələbələr də çalışacaqlar ki, onlar kimi oxusun və qiymətləri yaxşı olsun. Məncə bu qərar təqaüd sistemində oxuyan tələbələr üçün atılan uğurlu addımların məntiqi davamı idi. Ümumilikdə bu qərara nəzər yetirəndə görürük ki, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılır. Tələbələr üçün bundan böyük xoş xəbər və stimul ola bilməz. Təbii ki, biz tələbələr olaraq bu qərarı çox yüksək səviyyədə dəyərləndiririk”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə