Namiq Əliyev: “AXCP-nin xaricdən maliyyə yardımıları alması ciddi qanun pozuntusudur” RƏY-ÖZƏL

“Siyasi qurum hansı ölkədən maliyyə alırsa onun da maraqlarını müdafiə edir Gələcəyini düşünən bütün dövlətlər vətəndaşlarının, ərazisində fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının xarici əlaqələrinə olduqca həssaslıqla yanaşırlar”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, çünki bu məsələ adıçəkilənlərin şəxsi işi hesab olunmur, birbaşa dövlətlərin milli maraqları, təhlükəsizlikləri ilə bağlı olan problemlərdir: “Azərbaycan dövləti də milli təhlükəsizliyini qorumaq üçün buradakı qurumların xaricdən maliyyələşməsi məsələsini diqqətlə izləyir və bununla bağlı Milli Məclis müvafiq qanunlar da qəbul edib. Məsələn, Seçki Məcəlləsinə görə, son 10 ildə Azərbaycanda yaşamayan və yaxud xarici dövlətlər qarşısında müəyyən öhdəliyi olan insanlar prezidentliyə namizədliklərini verə bilməzlər. Bu maddə ona görə qəbul olunub ki, xariclə sıx bağlı olan şəxsin dövlət başçısı olmaq iddiası təmin edilməsin. Eləcə də siyasi partiyalar haqqında qanuna görə, onların xaricdən maliyyələşməsi qadağandır. Milli təhlükəsizliyini ön plana çəkən dövlətlərin heç biri ərazisindəki siyasi partiyanın xaricdən maliyyələşməsinə normal baxa bilməz. Odur ki, hakimiyyət iddiasında olan AXCP-nin xaricdən maliyyə yardımıları alması faktının məhkəmədə öz təsdiqini tapması ciddi qanun pozuntusunun olmasından xəbər verir. Digər tərəfdən, son illər dünyada baş verən “rəngli inqilablar”ın hamısının xaricdən maliyyələşməsini unutmaq olmaz. Ərəb ölkələrinin “rəngli inqilab”lar sayəsində necə dağılması gözümüzün qarşısında baş verib. Ukraynadakı “inqilab”dan sonra, bu gün ölkədəki 20 milyon əməkqabiliyyətli əhalidən 10 milyonu xarici ölkələrə köç edib. Bu kimi acı təcrübələri nəzərə alaraq, Azərbaycan dövləti də konkret siyasi partiyanın xaricdən maliyyələşməsi faktını aşkar edibsə, həmin
qurum barəsində qanunvericiliyə uyğun hərəkətlər etməkdə tam haqlı olacaq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə