Paşinyan inqilabının birinci mərhələsi başa çatdı

Yaxud "pripiska" və saxtakarlıqla başlanan yolun sonu heç də yaxşı görünmür

Məlum olduğu kimi, Ermənistandakı parlament seçkilərinin nəticələri Serj Sarkisyan və Robert Koçaryanın rəhbərlik etdikləri "Qarabağ" klanının tam iflası ilə nəticələndi. Açıqlanan nəticələrə görə, seçkilərdə Paşinyanın "Mənim addımım" bloku - 70,43 faiz (884 min 456 səs), "Çiçəklənən Ermənistan" - 8,27 faiz (103 min 824 səs), "İşıqlı Ermənistan" - 6,37 faiz (80 min 24 səs) toplayıblar. Bununla da işğadçı ölkənin parlamentində yalnız bu 3 siyasi qüvvə təmsil olunacaq. Çünki partiyalar üçün minimal baryer 5 faiz, bloklar üçün isə 7 faizdir.

Ermənistanın Konstitusiyasında maraqlı müddəa var. Buna əsasən, parlamentdə azı 3 siyasi qüvvə təmsil olunmalı və onlar yerlərin minimum üçdə birini (33%) tutmalıdır (təbii ki, topladıqları səslərə uyğun olaraq, daha çox yer qazana bilərlər). Yəni seçkilərin nəticələrinə əsasən, parlamentə 2 siyasi qüvvə keçsə belə, 3-cü olmuş partiya (blok) topladığı səsin miqdarından asılı olmayaraq, qanunverici orqanda yer qazanır.

Ümumi nəticələrə görə, Nikol Paşinyan qalibdir və eyni zamanda, vurğulamaq lazımdır ki, onun blokunun qələbəsindən başqa, digər 2 siyasi partiya da inqilaba dəstək vermiş qüvvələrdir. "Çiçəklənən Ermənistan" oliqarx Qagik Tsarukyanın partiyasıdır. "İşıqlı Ermənistan" (Edmon Marukyan) isə Paşinyanın keçmiş silahdaşlarından ibarətdir və onların hər ikisi inqilabın fəal iştirakçısı olublar. Seçkinin siyasi nəticəsini isə belə xarakterizə etmək olar: erməni ictimaiyyəti əksinqilabçı qüvvələrə etimad göstərməyərək, Serj Sarkisyanı parlamentə buraxmadılar. Onun Respublika Partiyası 4,7 faiz (59 min 59) səs almaqla, gözlənildiyi kimi, parlamentə düşə bilmədi. Sübut olundu ki, "Qarabağ klanı"nın siyasətdəki təmsilçisi olan bu partiyanın cəmiyyətdə dayaqları çox zəifdir və o, arxasında dövlət gücü olmadan uğur qazana bilməz.

Seçkilərdə digər önəmli məqam isə, belədir ki, erməni cəmiyyəti qatı millətçilərin təmsilçisini "Daşnaksütyun"u da parlamentdən kənarda saxladı. Bu partiya cəmi 3,89 faiz (48 min 811) səs almaqla biabrçı duruma düşdü. Həmin daşnaklar uzun illərdir cinayətkar Koçaryan-Sarkisyan rejiminin əlaltısı, cib müxalifəti kimi fəaliyyət göstərirdilər və ermənilər onlara da açıq şəkildə nifrət edirdilər.

Paşinyanın növbədənkənar seçkilərin mümkün qədər tez keçirilməsinə nail olması onun siyasi fəndgirliyinin nəticəsidir. Çünki vaxt ötdükcə, inqilabın eyforiyası bitəcək və obyektiv səbəblər (sosial-iqtisadi problemlər), eləcə də, daxili və xarici basqıların artması səbəbindən, Paşinyanın reytinqində enmələr başlayacaqdı. Artıq bundan belə, onun əks-inqilabi revanş üçün qarşıdakı 5 ildə güclü parlament dəstəyi mövcuddur. Bu seçkidəki nəticə Ermənistandakı antirusiyalıların Qərbə meyillənməsi açıq şəkildə göstərəcək. Çünki seçkilərdə uduzanlar Rusiyanın hakim dairələrinin əlaltısı, onların nökəri kimi tanınan Serj Sarkisyan komandası oldu.

Son günlər isə Rusiyanın birbaşa nəzarətində olan "Avrasiya" İqtisadi Birliyində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın küncə sıxışdırılması və Azərbaycanın üzvlüyü olmadığı halda, bu təşkilatlarda bizim mövqelərimizin qorunması Ermənistanın anti-Rusiya siyasi kurs götürməsi ona qarşı ilkin təhdidlərdir. Bu isə, Nikol Paşinyanın siyasi hakimiyyətinin çox da uzun sürməyəcəyinə işarədir. Bütün hallarda Ermənistanda gözlənilən vətəndaş qarşıdurmasını alovlandıra biləcək ciddi daxili və xarici faktorlar mövcuddur.

Sonda qeyd edək ki, Paşınyanın qardaşı oğlunu, qaynını, dostunu, həkimini və bərbərini parlamentə üzv seçdirməsi saxta erməni demokratiyasının kulminasiya nöqtəsi idi. Hətta yeni parlamentin cinayət törətməsi üzündən haqqında məhkəmə prosesi davam edən iki nəfər üzvü var. Nəticələrə görə, seçkidə adları seçici siyahısında olanların 50 faizdən azı səs verib. Maraqlısı odur ki, Sarkisyanın seçki fokusları nəticəsində seçici sayı süni artırılmışdı, bunun üçün xaricə köçənləri, orada yaşayanları seçici kimi siyahıda saxlayırdılar. Məsələn, Ermənistanın əhalisi 2018-ci ilin iyul ayının 1-nə (yəni yeni hökumətin hesablamalarına görə) 2 mln. 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə guya 2 mln. 592 min 481 nəfər seçici var. Adi məntiqə görə, 2,9 mln. əhalisi olan ölkədə 2,6 mln. seçici, yaşı 18-dən aşağı cəmi 300 min nəfər ola bilməz. Demək, Paşinyan seçkilərə Sarkisyan dövrünün saxta siyahıları ilə gedib. 100 minlərlə "seçici" şişirtməsi var. Seçki bu şişirtmə (pripiska) sayəsində qazanlıb.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə