"Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə inkişaf edir" AÇIQLAMA-ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24” televiziya telekanalına müsahibəsində ölkəmizin inkişaf konsepsiyasını təqdim etməklə yanaşı, iki ölkə arasında olan münasibətlərə də toxundu. Dövlət başçısı Azərbaycan-Rusiya arasında münasibətlərin inkişaf edən xətt üzrə davam etdiyini bildirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

İki ölkə arasında əməkdaşlıq əlaqələrinin ildən-ilə daha da inkişaf etdiyini deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin müsahibə zamanı qeyd etdiyi kimi ölkələr bütün sahələr üzrə tərəfdaş, əməkdaşlıq, mehriban qonşuluq münasibətlərinə malikdir: “Ölkə başçısının bu istiqamətdə verdiyi mesajları bir daha göstərdi ki, münasibətlər təkcə hökumətlər səviyyəsində yox, həm də cəmiyyətlər və insanlar arasında, iqtisadi, siyasi, humanitar, mədəni və əlbəttə ki, turizm sahəsində yaxınlaşır. Bunun əsas göstəricilərindən biri Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizə gələn turistlərin çoxunu məhz Rusiya vətəndaşlarının təşkil etməsidir”.

Müsahibənin Azərbaycanda keçirilən “Bakutel” sərgisi çərçivəsində baş tutduğunu deyən E. Məmmədov söyləyib ki, artıq ölkəmizin XXIV sərgiyə ev sahibliyi etməsi Azərbaycanın inkişafının, əldə etdiyi nailiyyətlərinin göstəricisidir.

Deputat söyləyib ki, ümumiyyətlə, Azərbaycan düşmən Ermənistandan başqa bütün qonşu dövlətlərlə səmimi, mehriban dostluq münasibətləri saxlayır: “ Lakin bəzən çox təəssüf ki, bunun qarşılığı olmur. Sözdə başqa, əməldə isə tamamilə fərqli münasibət ortaya qoyulur. Lakin münasibətlərin hər iki tərəfdən səmimi olunması arzu olunandır. Bütün qonşu dövlətlər, o cümlədən də Rusiya Azərbaycandan hər zaman sədaqətli qonşuluq, etibarlı tərəfdaş münasibətləri görüb. Təbii ki, qonşu tərəfdən də bunları gözləyirik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...