"Azərbaycanın mövqeyini möhkəmləndirməsi dayanıqlı inkişafdan xəbər verir” MÖVQE-ÖZƏL

“Bu günlərdə Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” dərc olunub. Son hesabatda Azərbaycan bir sıra indikatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb. Yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nın yeni dövrün ilki olduğunu deyən millət vəkili hesabatın əvvəlkilərdən fərqli olaraq, 68 yeni indikator daxil edilməklə aparıldığını dilə gətirib:

“Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Hazırda yeni metodologiyaya əsasən bunların nəzərə alınmamasına baxmayaraq, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə, hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buraya infrastruktur, səhiyyə, informasiya kommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunur və hətta bəzi göstəricilərdə ölkəmiz birinci yerdə qərarlaşıb. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm bir göstəricidir”.

H. Babaoğlu vurğulayıb ki, sözügedən hesabatda ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqelərdən birinə yüksələ bilib: “Bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir. Bu o deməkdir ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir”.

Bundan başqa, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi göstəricisinə görə, 31-ci yerdə qərarlaşdığını qeyd edən baş redaktor söyləyib ki, bu, Azərbaycanda sahibkarlığın və biznesin inkişafı ilə bağlı yaradılmış mühüm iqtisadi islahatlarla əlaqədardır: “Bütün bunlar Azərbaycanda hazırkı mərhələdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımların strateji baxımdan doğru olduğunu, ölkə iqtisadiyyatının bundan sonrakı mərhələdə də bütün sosial-iqtisadi parametrlər üzrə inkişaf üçün yeni əsaslar yaratmaqla bunu gələcəkdə də təmin edəcəyini göstərir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə