"Milli Məclisin yubiley tədbiri tarixi hadisə idi" RƏY-ÖZƏL

“Milli Məclisin 100 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbir tarixi hadisə idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Prezident İlham Əliyevin təbirdə iştirakının parlamentarilər üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, ölkə başçısının yubiley tədbirində çıxışı ilə mühüm məqamlara toxundu: “ Ölkə başçısı ilk olaraq qonaqlara Milli Məclisin fəaliyyəti haqqında məlumat verdi və daha sonra ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ciddi mesajlar verdi”.

Deputatın sözlərinə görə, Azərbaycan bu tədbirlə öz tarixini unutmadığını bir daha nümayiş etdirmiş oldu: “Ölkə başçısının da tədbirdə qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman ölkələri arasında ilk demokratik respublika olub. Onun ömrü iki ildən az olsa, da müstəqil Azərbaycan dövləti o dövrün dövlətçilik ənənələrini yaşatmaqdadır. Bütün bunlar göstərir ki, Azərbaycan öz tarixini unutmur və qədim ənənələrinə hər zaman sadiqdir”.

R. Quliyev qeyd edib ki, yubiley tədbirində mühüm məqamlardan biri də Türkiyə parlament sədri Binəli Yıldırımın öz ölkəsinin Dağlıq Qarabağ məsələsində hər zaman ölkəmizin yanında olmasının bir daha beynəlxalq ictimaiyyətə çatdırılması oldu: “O, çıxışında qeyd etdi ki, Azərbaycanın kədəri onların kədəri, sevinci onların sevincidir. Bütün bunlar göstərir ki, artıq Ermənistandan problemin həllini bir dövlət deyil, bir millət iki dövlət tələb edir. Tədbirdə bir daha beynəlxalq ictimaiyyətə çatdırıldı ki, Azərbaycan - Türkiyə bütün məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində bərabərdir. Bu, çox mühüm məqam idi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə