"Ermənistanın addımları Rusiya tərəfindən cəzasız qalmayacaq" RƏY-ÖZƏL

“Rusiya böyük dövlət olmasına baxmayaraq Azərbaycanla strateji əməkdaşlıq edir. İki ölkə arasında əlaqələr bütün sahələri əhatə edir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Rüfət Quliyev Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə münasibətini bildirərkən deyib.

Deputat bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı Rusiyada yaşayan və çalışan azərbaycanlılar üçün də mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.

Səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcəyini dilə gətirən R. Quliyev Rusiyanın bundan sonra Azərbaycanı daha çox dəstəkləyəcəyinə inandığını dilə gətirib: “Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, dövlət başçıları arasında münasibətlərinin daha da sıxlaşması əlbəttə ki, problemin həlinə təsirsiz ötüşməyəcək. Belə olan halda, Azərbaycanın Rusiyadan gözləntiləri daha da artır”.

Deputat qeyd edib ki, artıq Ermənistan Azərbaycan-Rusiya münasibətlərinin Rusiyanın onlarla olan münasibətlərindən qat-qat üstün olduğunu başa düşməlidir: “Ermənistan vaxtilə Rusiyaya güvənib, hazırda Qərbə meyllənməsi ilə bağlı atdığı addımlar Rusiya tərəfindən cəzasız qalmayacaq. Düşmən ölkənin həyata keçirdiyi siyasətin nəticələri birmənalı şəkildə yaxın zamanda öz nəticəsini verəcək. Artıq üstünlüyün kimin tərəfindən olduğu açıq şəkildə görünməkdədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə