Bakının azad olunmasının 100 illiyi ilə bağlı tədbir keçirilib SƏS TV

Bu gün Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Qafqaz Türk - İslam Ordusunun 100 illiyi münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək 15 sentyabr 1918-ci il tarixindən, eyni zamanda Nuru Paşanın rəhbərlik etdiyi Azərbaycan Əlahiddə Korpusunun Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edilməsinin yeni tarixi araşdırmalarından bəhs edib.

Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Azərbaycan nümayəndələri həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsindən, Azərbaycan və Türkiyə xalqına aid olan bu şərəfli tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolundan və Bakının azad edilməsində minlərlə türk əsgər və zabitlərinin böyük şücaətlərindən danışıb.

Vurğulanıb ki, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət də Türkiyə olmuşdur. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlamışdı. 1918-ci ilin iyulunda Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirən Bakı Xalq Komissarları Soveti iflasa uğradıqdan sonra şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi.

1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilib.

Tədbirdə eyni zamanda Türkiyədən olan nümayəndələr də iştirak edirdilər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...