Serj Sarkisyan Nikol Paşinyandan intiqamını terrorla alacaq ANALİZ

Akop Akopyan: “27 oktyabr və 1 martda olduğu kimi, killerlər briqadasından istifadə ediləcək”

Ermənistanda cərəyan edən son proseslər artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkədə mövcud olan siyasi böhran çərçivədən çıxıb. Bir tərəfdən anti-Rusiya meyllərinin və çağırışlarının artması, digər tərəfdən separatçı “DQR” rejiminin Ermənistan hakimiyyətinə diş qıcıtması, xüsusilə, köhnə hakimiyyət sisteminin revanşa hazırlaşması sözügedən vəziyyəti daha da gərginləşdirməkdədir. Artıq bir sıra erməni politoloqları, eləcə də ictimai rəydə tanınan şəxslər hazırkı vəziyyətdə köhnə sistemin – istər Serj Sarkisyana, istərsə də Robert Koçaryana bağlı olan dairələrin hərəkətə keçdiklərini ehtimal etməyə başlayıblar. Hədəf Nikol Paşinyan hakimiyyətidir ki, burada da əsas məqsəd əks-inqilab edib, itirilənləri geri qaytarmaqdır.

“Bu proses nə qədər gecikərsə, bir o qədər də qarşı tərəf özünü toplamağa nail olacaq”

Bu arada Ermənistan parlamentinin sabiq deputatı, 2008-ci ildə “Yeddi nəfərin işi” üzə ittiham edilmiş Ledi Akop ləqəbli Akop Akopyan baş verənlərə münasibətini açıqlayıb. SİA xəbər verir ki, 1in.am portalına müsahbə verən A.Akopyan R.Koçaryanın həbsinə münasibətini bildirərkən deyib ki, o, eks-prezidentin həbsinə pozitiv yanaşır, hətta digər şəxslərin də həbsində gecikmələr baş verir: “Bu proses nə qədər gecikərsə, bir o qədər də qarşı tərəf özünü toplamağa nail olacaq. Hələ ki, parlamentə qeyri-qanuni daxil olaraq, dörd deputatı oradaca həbs edən keçmiş prokuror Aqvan Ovsepyan azadlıqdadır. Hazırda 1 mart işini aparan şəxslər vaxtilə onun işçiləri olublar. Və nə qədər ki, A.Ovsepyan, Serj Sarkisyan azadlıqdadırlar, onlar bu işin açılmasına maneə olacaqlar”.

“Sarkisyanın həbsi baş tutarsa, yüzlərlə insan 1 mart işi ilə bağlı üzə çıxacaq və bəlli olacaq ki, ölənlərin sayı 10 nəfər deyil, daha artıqdır, yüzlərlə insan evlərindən oğurlanıb və hazırda da itkin sayılırlar”

Sabiq erməni deputatına görə, məhz S.Sarkisyanın göstərişinə əsasən, Koçaryanın azadlığa buraxılması istiqamətində imzatoplama kampaniyası aparılır: “Əslində, Koçaryanın azadlığa buraxılması heç kimin marağında deyil. Əgər Serj Sarkisyan yaxın zamanlarda həbs edilərsə, onların hamısı öz imzalarını geri götürəcəklər”.

“Sarkisyanın həbsi baş tutarsa, yüzlərlə insan 1 mart işi ilə bağlı üzə çıxacaq və bəlli olacaq ki, ölənlərin sayı 10 nəfər deyil, daha artıqdır, yüzlərlə insan evlərindən oğurlanıb və hazırda da itkin sayılırlar”-deyə qeyd edən sabiq erməni deputat həmçinin bildirib ki, bütün bunları əldə etmək üçün, bir addımı atmaq lazımdır – Serj Sarkisyanın həbsini gerçəkləşdirmək: “Hər şey üzə çıxdıqdan sonra bütün məsələlər öz yerini tapacaq. Məhz Serj Sarkisyanın əmri ilə məni və digər deputatları parlamentdə həbs edib apardılar və həmin deputatların çoxu mən də daxil olmaqla, bir neçə nəfəri deputat toxunulmazlığımızın əlimizdən alınmasına səs verdilər. Çünki onlar barədə tonlarla kompromatlar var idi. Onların başqa əlacları da yox idi. Hakimiyyət bu deputatları öz hədəflərinə çatmaları üçün istifadə edirdi. İndi isə görünən budur ki, Serj öz addımları ilə hamının “beynini yeyərək” sübut etməyə çalışır ki, sabah-birigün devrilmiş hakimiyyətini geri qaytaracaq”.

“Sarkisyan gerçəkliyi yayındıraraq, özünü xilas etməyə çalışır ki, dalğa ona gəlib-çatmasın”

Ovsepyan hesab edir ki, baş verənlərin hər biri bir blefdir: “Koçəryan ətrafında konsolidasiya ola bilməz. Bu S.Sarkisyan tərəfindən atılan imitasiya addımlarıdır, belə ki, Sarkisyan gerçəkliyi yayındıraraq, özünü xilas etməyə çalışır ki, dalğa ona gəlib-çatmasın”- deyə bildirən sabiq erməni deputata görə, Serj və başqaları həm də ona görə təlaş keçirirlər ki, 1 mart hadisələri açılandan sonra, 27 oktyabr məsələsi də açılacaq və onlar nəticədə müvafiq yerdə olacaqlar: “Bax, ona görə də deyirəm ki,əgər vaxt nə qədər uzanacaqsa, hadisələr bizim xeyrimizə işləməyəcək, əksinə - S.Sarkisyan və R.Koçaryan bundan mənfəət götürəcəklər. Hər şey tez olmalıdır”.

“Onların əllərindən hər şey gəlir, Nikolun ləğv edilməsi üçün ən kirli oyunlara belə gedə bilərlər”

Beləliklə, əks-inqilab mümkünlüyünü istisna etməyən A.Ovsepyan hətta bunun baş verəcəyi ehtimalının get-gedə artdığını da bildirib və qeyd edib ki, onların (Sarkisyan və Koçaryanın-R.N.) killerlər qrupu 27 oktyabr və 1 mart hadisələrini yenidən təkrarlaya bilərlər: “Mən, bundan qorxuram. Əgər mənim adlarını çəkdiyim digər insanlar həbs edilməyəcəklərsə, həmin adamların killerlər briqadası istifadə ediləcək. Onların problemi Koçaryan deyil, yeganə problem hakimiyyətin S.Sarkisyana qədər gedib çıxmasının qarşısını almaqdır. Bax, ona görə də addımların atılması zəruriliyi barədə danışıram. Oturub-durub deyirik ki, heç nə qanunauyğun, konstitusiya qanunlarına müvafiq deyil. Məgər onlar 20 il boyunca konstitusiya qanunlarını icra edirdilər ki? Prosesin tez bir zamanda başa çatması üçün hərəkətə keçməyin zamanıdır, yoxsa Nikola (Paşinyana-R.N.) qarşı ziyanlı hərəkət edəcəklər və onu oyundan kənarlaşdırmağı bacaracaqlar. Mən buna əminəm...Hazırkı mərhələ çox təhlükəlidir. Keçmiş hakimiyyət işləyir və hər şeyi əks istiqamətə tərəf döndərməyə çalışır. Onların əllərindən hər şey gəlir, Nikolun ləğv edilməsi üçün ən kirli oyunlara belə gedə bilərlər. Bax, ona görə də yeni hökumətin vaxtında və tez hərəkətə keçməyinin vacibliyi barədə danışıram”.

Beləliklə, görünən budur ki, bu ölkədə baş verənlər heç də yaxşı nəticələrə doğru getmir və ən azından, sözügedən hadisələr fonunda doğru nəticə çıxarmağı bacaran sabiq erməni deputatı A.Ovsepyanın təlaş keçirməsi də əbəs deyil. Həqiqətən də uzun illər Ermənistandakı hakim kriminal-oliqarx dairələri milyardlarla pul qazanıblarsa, onların bu gün həmin pulları Nikola qarşı bütün mənalarda, hətta terror şəklində istifadə edəcəklərinə də şübhə etmək olmaz. Nəzərə alarsaq ki, bu məsələnin arxasında Rusiyanın da dəstəyi var və separatçı “DQR” rejimi də Ermənisanda Qarabağ klanını bərpa etməkdə maraqlıdır, bu zaman hadisələrin hər an dəyişəcəyini gözləmək kifayət qədər mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə