Əli Kərimli İlqar Məmmədovun azadlığa çıxmasından qorxur MÜXALİFƏT

REAL AXCP-ni məhv etmək qərarındadır

AXCP ilə REAL arasında növbəti qarşıdurmalar yaşanmaqdadır. Təkcə son bir neçə ayda başlayan qalmaqallar, sosial şəbəkə söz-söhbətləri bu və ya digər şəkildə tərəflərin qarşılıqlı ittihamları ilə daha da böyüyüb. Onsuz da soyuq münasibətləri olan cəbhəçilərlə realçıların dava-dalaşlarına sbəb isə Əli Kərimlinin İlqar Məmmədovu həzm etməməsi, eləcə də İ.Məmmədovun azadlığa çıxacağı halda, Kərimlini siyasi opponenti olaraq məhv etmək təhlükəsinin mövcudluğudur. O da məlumdur ki, hər iki tərəf daim bir-birlərini günahlandırmaqla özlərini ətrafları qarşısında necə deyərlər, təmizə çıxarmağa çalışıblar.

İlqar Məmmədov həbsdə ola-ola Əli Kərimlini necə üstələmişdi?

Misal üçün, xatırlatmaq olar ki, bir müddət əvvəl sosial şəbəkələrdə Ə.Kərimli ilə REAL-ın sədri İlqar Məmmədova virtual səsvermə kampaniyası başladılmışdı və bu kampaniyada İ.Məmmədov Ə.Kərimlini xeyli üstələmişdi. Bunun ardınca AXCP və REAL qruplarının bir-birlərin ən ağır ittihamlara məruz qoymaları onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirdi. Bütün bunlardan sonra daha çox simasızlıq təsiri bağışlayan Ə.Kərimlinin REAL-ı “Milli Şura”nın mitinqlərinə dəvət etməsi qətiyyən səmimiyyət təsiri göstərə bilməzdi. Məsələ həm də ondadır ki, tərəflər daim bir-birlərini hakimiyyətə işləməkdə günahlandırmaqla, necə deyərlər, vəziyyətdən çıxmağa çalışıblar. Burada da məqsəd özlərini daha çox müxalifətçi göstərmək olub. Məsələn, Ə.Kərimli virtual səsvermə zamanı uduzduğunun fərqinə vardıqdan sonra heç bir sübuta və əsasa söykənməyən belə bir dırnaqrarası fərziyyə irəli sürmüşdü ki, guya hakimiyyət İ.Məmmədovun virtual səs yığmasında müəyyən yardımlar göstərib.

REAL-ın da müxalifətdə söz sahibi olmaq imkanları indidən zəif görünməkdədir

Ancaq bunun belə olmadığını elə REAL-ın icraçı katibi Natiq Cəfərli bu arqumentlərlə rədd etmişdi: “Yəni onlar çox bəsit ritorikadan istifadə ediblər. Bu dəfə də belə iddiaların səslənməsi, açığı, REAL-ın və İ.Məmmədovun nüfuzuna kölgə salmaq məqsədi daşıyırdı”. N.Cəfərli İ.Məmmədovun həbsdə olduğunu əsas gətirərək əlavə edib ki, Ə.Kərimlinin ittihamı absurddur: “Təəssüf ki, yenidən qarşı tərəfin aqressiyası, səviyyəsiz, aşağılayıcı sözləri ilə üzbəüz qaldıq”.

Göründüyü kimi, bütün müstəvilərdə “əqidədaşlarına” kəskin fərqlə uduzan Əli Kərimli özünü təmizə çıxarmaq üçün ağlına nə gəlirsə, dilinə də gətirir. Lakin özü də yaxşı bilir ki, xalq heç bir zaman nə Əli Kərimliyə, nə də ki, digər dağıdıcı müxalifət nümayəndələrinə inanmır. O cümlədən, REAL-ın da müxalifətdə söz sahibi olmaq imkanları indidən zəif görünməkdədir. Bu kimi amillər isə hər iki təşkilatın qarşıdurmasını daha da gücləndirəcək.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə