Avropalı "milli xainlər" İnterpol axtarışına veriləcəkmi? RƏYLƏR

Siyasilərdən maraqlı cavablar

Azərbaycanda sosial şəbəkələr və digər vasitələrlə terrorçuluğa çağırış edən şəxslər ölkə qanunlarına əsasən, müxtəlif cəzalara layiq görülsələr də, onların beynəlxalq konvensiyalar və qəbul edilmiş qanunlar çərçivəsində də cəzalandırılmaları mümkündür. Ümumiyyətlə, Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkədə davamlı sabitliyin mövcudluğu bir çoxlarını, o cümlədən, adlarını “siyasi dissident”, yaxud “siyasi mühacir” qoyaraq, anti-Azərbaycan dairələrinə işləyən Orduxan Teymurxan, Tural Sadıqlı, Emin Milli, Məhəmməd Mirzəli Vidadi İsgəndərli və başqalarını narahat edir. Azərbaycan ictimaiyyəti xüsusilə, məlum Gəncə hadisələri fonunda bir daha qeyd olunanların şahidlərinə çevrildi. Azərbaycanın sağlam düşüncəli ictimai rəyi tələb edir ki, həmin şəxslər və onların ətrafları kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməli və qanun qarşısında cavab verməlidirlər.

SİA-ya sözügedən mövzu ilə bağlı açıqlama verən tanınmış siyasilər də hesab edirlər ki, ölkə qanunları və beynəlxalq hüquq normaları bu kimi şəxslərin axtarışa verilmələrini təmin edir və bu baxımdan, onlar barədə İnterpola müraciət edilməli, xarici ölkələrdə qiyam çağırışları edənlər saxlanılaraq Azərbaycana təhvil verilməlidirlər.

Siyavuş Novruzov: “Həmin şəxslər beynəlxalq konvensiyalara uyğun olaraq, saxlanılmalı, məsuliyyətə cəlb olunmalıdırlar”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzova görə, artıq Azərbaycanın hüquq-mühafizə orqanları məlumat veriblər ki, dövlət əleyhinə edilən çağırışıar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qadağan olunan məsələlərdən biridir. “İstənilən bir ölkədə bu cür etnik, dini ayrıseçkilik salan, dövlət çevrilişinə çağırış xarakterli məsələlər qadağandır”-deyə qeyd edən YAP rəsmisi həmçinin bildirib ki, istənilən ölkənin qanunu ilə bu kimi çağırışlar cinayət əməli hesab olunur: “Bu baxımdan, istər Fransada, istər Almaniyada, istər ABŞ-da, istərsə də hər hansı digər dövlətlərdə olsun, belə şəxslər barədə ciddi ölçülər götürülməlidir. Misal üçün, ABŞ-da bu cür çağırışlar edənlər çox sərt şəkildə cəzalandırılırlar. Çünki ora çoxmillətli və çoxkonfessiyalı ölkədir. Ona görə də xüsusi olaraq, bu kimi məsələlərdə ayrıseçkiliyə çağıranlar və dövlət əleyhinə çıxış edənlər ağır məsuliyyətlərə cəlb edilirlər”.

Siyavuş Novruzov həmçinin bildirib ki, bu gün xarici ölkələrdə oturan bəlli şəxslər elə sanırlar ki, onlar törətdikləri cinayət əməllərinə görə cavab verməyəcəklər. Lakin onlar kökündən yanılırlar: “Bunlar edə bilirlər ki, gedib-oturublar xarici ölkədə və hansı cinayət addımı atmalarına rəğmən, cəzalandırılmayacaqlar. Hətta elə sanırlar ki, dövlət əleyhinə çağırışlar edib, qiyama səsləyənlər toxunulmaz şəxslərdirlər. Ancaq belə bir şey yoxdur. Hətta onlar yaşadıqları ölkələrdə yaşamaq, oturmaq hüququ alıblarsa belə, yenə də qanun qarşısında cavab verməlidirlər. Çünki onlar dövlətin və xalqın taleyüklü məsələsinə, ölkənin konstitusion quruluşunda dəyişikliyə çağırışlar edirlər. Onu da xatırladım ki, Azərbaycan xalqı 1995-ci ildə referendum vasitəsilə konstitusiyaya səs verib. Ona görə də, bu cür çağırışlar bilavasitə xalq və dövlət əleyhinə olan bir cinayətdir”. “Həmçinin, qeyd edim ki, insan hüquqları ilə bağlı beynəlxalq pakt mövcuddur”-deyə qeyd edən millət vəkilinə görə, hüquqlar o vaxt məhdudlaşdırılır ki, bir və ya bir neçə şəxs digərlərinin - yəni ayrı-ayrı şəxslərin də deyil, bütövlükdə bir xalqın, bir millətin, bir dövlətin hüquqlarını pozur: “Belə olan halda, BMT tərəfindən insan hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq pakt, eyni zamanda Avropa konvensiyası işə düşür. Bu baxımdan, həmin şəxslər beynəlxalq konvensiyalara uyğun olaraq, saxlanılmalı, məsuliyyətə cəlb olunmalıdırlar”.

Elçin Mirzəbəyli: “Qənaətimə görə həmin addımlar atılmağa başlayıb, müraciətlər edilib”

“Bu kimi şəxslərin əksər hissəsi qanuni dövlət orqanlarına qarşı silahlı müqavimətə çağırışlar ediblər. Eyni zamanda, Gəncədə baş verən son hadisələr zamanında da bəlli şəxslər eyni çağırışlar etdilər ki, bu dünyanın hər yerində, eləcə də Azərbaycanda cinayət hesab olunur”. Bu fikirləri isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, həmin şəxslərin hansı ölkədə yaşamalarından asılı olmayaraq, onların virtual aləmdəki fəaliyyətləri Azərbaycana qarşı yönəlibsə, qanunların pozulmasına, iğtişaşlara hesablanıbsa, eyni zamanda, terrora, təxribatlara hesablanıbsa, bütün bunlar cinayət məsuliyyəti yaradır: “Hüquq-mühafizə orqanları da belələri barədə cinayət işi qaldıra bilməklə yanaşı, müvafiq ölkələrə müraciət edə bilərlər. Yəni o ölkələrlə ki, qarşılıqlı hüquqi yardımlar, müqavilələr varsa, eləcə də bütün bunlar beynəlxalq konvensiyalarla tənzimlənirsə, heç bir şəxs cinayət məsuliyyətindən, hüququn təsirindən, qanunun aliliyindən kənarda qala bilməz”.

BAXCP-nin sədr müavini hesab edir ki, artıq həmin şəxslər barədə İnterpola müraciətlərin edilməsi məsələsi gündəmdədir: “Bu baxımdan, İnterpola müraciət etmək olar, hətta həmin bəlli şəxslərlə bağlı quyabi məhkəmə qərarlarının çıxarılması da mümkündür. Ümumiyyətlə, bu təcrübə var və belə aspektdən yanaşaraq, müvafiq addımlar atıla bilər və qənaətimə görə həmin addımlar atılmağa başlayıb, müraciətlər edilib”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə