“Joxovurd” Nikol Paşinyana qarşı sabotaj barədə yazdı ANALİZ

Prezident Armen Sarkisyan və XİN rəhbəri Zoqrab Mnasakyan əsas təşkilatçılar kimi göstərildi

Ermənistanda baş vermiş “məxməri inqilabdan” sonra ölkədə davam edən siyasi böhran istər hakimiyyət daxilində, istərsə də ictimai-siyasi kuluarlarda bir sıra qarşıdurmaların yaşanmasına səbəb olmaqdadır. Belə ki, hazırda ölkədə keçmiş iqtidar komandasının müxtəlif üsullarla hakim dairələrdən uzaqlaşdırılması, ard-arda baş verən həbslər də buna sübutdur. Əbəs deyil ki, Serj Sarkisyan iqtidarı dönəmində kriminal-oliqarxiya sisteminin özəyini təşkil edən Respublika partiyası ilə Çiçəklənən Ermənistan partiyasının bir çox aparıcı üzvləri istefaya gedir, bununla özlərini mümkün həbslərdən, təqiblərdən sığortalamağa çalışırlar.

Lakin maraqlı məqamlardan biri də budur ki, hazırda hakimiyyət daxilində təmsil olunan digər cinahlar müxtəlif üsullarla hərəkətə keçməyə çalışırlar.

“Bu, öncədən hazırlanmış və təşkilatçılıqla həyata keçirilən sabotajdır”

Misal üçün, Ermənistanın siyasi kuluarlarında son vaxtlar xarici işlər naziri Zoqrab Mnasakyan barəsində müxtəlif fikirlər səsləndirilir, onun Nikol Paşinyan hökumətinin içinə desant olaraq atılması iddiaları irəli sürülür. Belə ki, bu barədə erməni mediası da yazmaqdadır. Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakyan Nikol Paşinyanın hökumətinə qarşı açıq sabotaja başlayıb”. SİA xəbər verir ki, bu barədə ölkənin “Joxovurd” qəzetinin şərh bölümündə yazılıb.

“Hər şey tərsinədir və heç bir addımlar atılmır”

Erməni nəşrinə görə, Ermənistanda baş vermiş “məxməri inqilabdan” sonra guya ölkənin beynəlxalq reytinqi müəyyən qədər artıb və hazırda ölkənin xarici işlər nazirliyi bunu gizlətməyə çalışır. SİTAT: “Xarici işlər naziri Ermənistanın səfirliklərinə göstərişlər verməlidir ki, diplomatlar xarici məmurlarla görüşərkən, Ermənistandakı yeni vəziyyətlə bağlı bilgilər verməli, eləcə də Ermənistanla Azərbaycan arasındakı təhlükəsizlik məsələsindəki fərq kontekstindəki məsələləri qabartmalıdırlar”.

“Joxovurd” Ermənistan XİN-nin rəhbəri Z.Mnasakyana qarşı ittihamını davam etdirərək yazır ki, nazirin özü də keçirdiyi görüşlərində bu mövzuda danışmalıdır. Həmçinin, nazirlə yanaşı, ölkə prezidenti Armen Sarkisyanın da adı sabotajçılar sırasına əlavə edilir. “Lakin hər şey tərsinədir və heç bir addımlar atılmır” deyə adıçəkilən nəşr qeyd edir. Bununla da erməni müəllif vurğulayır ki, baş verənlərin səbəblərini axtarmaq və cavabını tapmaq heç də çətin deyil: “Bu, öncədən hazırlanmış və təşkilatçılıqla həyata keçirilən sabotajdır, hansında ki, prezident Armen Sarkisyan da burada əsas iştirakçılardan biridir: əvvəl-axır, Z.Mnasakyan da onun kadrıdır”.

“Mnasakyan hələ 1993-cü ildən hazırkı prezident Armen Sarkisyanla işləyib”

Beləliklə, “Joxovurd” belə nəticəyə gəlib ki, Mnasakyan hələ 1993-cü ildən hazırkı prezident Armen Sarkisyanla işləyib. “Deyilənə görə, XİN rəhbərliyinə də o məhz Sarkisyanın dəstəyi ilə gətirilib”-erməni qəzeti yazır.

Görünən isə budur ki, Ermənistanda cərəyan edən hadisələr fonundakı siyasi böhran bundan sonra hələ uzun müddət davam edəcək. Xüsusilə, cəbhə bölgələrində baş verən uğursuzluqlar, o cümlədən Ermənistanın ortaq məxrəcə gələ bilməyərək, Qərblə Şimal arasında var-gəl etməsi belə nəticəyə gəlməyə zəmin yaradır ki, “məxməri inqilab” sadəcə, qısa müddətli külək kimi bu ölkənin üzərindən əsib-keçdi. Ən azından, hökumət daxilində baş verənlərin mediada işıqlandırılması, hətta Paşinyana qarşı sui-qəsdin hazırlanması və onun qarşısının alınması Ermənistanın yeni təhlükələr yaşamaq ehtimallarını artırmaqdadır. “Joxovurd”un sabotaj ittihamı da bu cür düşünməyə əsas verməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə