QAT sədri: “Azərbaycan öz qərarını verməlidir” AÇIQLAMA

“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə təbrik ünvanlaması gözlənilən idi. Çünki Sarkisyan beynəlxalq hüquq normalarına zidd hərəkətlərini həmişə davam etdirir”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Qurum rəsmisinin sözlərinə görə, onlar dünyanın heç bir ölkəsinin tanımadığı qondarma rejim yaradıblar: “Ona görə də vaxtaşırı müəyyən məqamlardan istifadə edirlər ki, yaratdıqları qondarma rejimi təbliğ etsinlər. Hesab edirəm ki, Ermənistan rəhbərinin bu hərəkəti bir daha göstərir ki, işğalçı ölkə danışıqlarda heç cür maraqlı deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə heç vaxt həll olunmayacaq. Onlar vaxtaşırı Azərbaycan xalqına qarşı zülmlər ediblər. Bu yaxınlarda Qaradağlı faciəsinin ildönümü qeyd olundu. 26 fevralda isə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad ediləcək. Bütün dünya bununla bir daha erməni vəhşiliyini görmüş olacaq. Yəni bu cür cinayətlər vaxtaşırı Azərbaycan xalqına qarşı törədilib.

Beynəlxalq təşkilatlar tərəfindən bu cür cinayətləri törətmiş, işğal hərəkətləri etmiş Ermənistana qarşı bu günə qədər heç bir ciddi tədbir görülməyib. Ona görə də bu cür cəzasızlıq şəraitində onlar nə istəyirlər edirlər və beynəlxalq hüquqa da meydan oxuyurlar. Yaratdıqları qondarma rejimin ildönümünü qeyd etməklə, bu əraziyə qanunsuz səfərlər etməklə dünyaya, beynəlxalq hüquqa meydan oxuyurlar. Bunun başqa bir adı yoxdur. Ona görə də Azərbaycan öz qərarını verməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə