“İƏT müsəlman dünyasının ən nüfuzlu təşkilatlarındandır” AÇIQLAMA

“Ümumiyyətlə İslam Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələrin hamısı, bütövlükdə İƏT Ermənistanı işğalçı ölkə kimi tanıyıb. İƏT müsəlman dünyasının ən nüfuzlu təşkilatlarından biridir. Təbii ki, Azərbaycan da İƏT-in üzvüdür”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bu təşkilat təkcə müsəlman deyil, eyni zamanda digər müsəlman coğrafiyası ilə qonşu olan başqa ölkələrin də diqqətini cəlb edir: “Onların bir qismi İƏT-də müşahidəçi qismində əməkdaşlıq edir. İƏT-in Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyi var. Düşünürəm ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü konfransında da Azərbaycanı təmsil edən nümayəndələr mütləq Dağlıq Qarabağla bağlı məsələyə toxunacaqlar. Çünki Azərbaycanın xarici siyasətinin ən mühüm prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bütün beynəlxalq və regional təşkilatlarda daim Azərbaycan rəsmiləri bu məsələni qaldırırlar. İƏT də bu problemin həllində Azərbaycana dəstək verən, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bir təşkilatdır.

Tədbirin qonşu İranda keçirilməsi, islam dünyasında olan ən müxtəlif problemlərin müzakirə edilməsi, fəaliyyətin uzlaşdırılması, eyni zamanda Yaxın Şərqdə tüğyan edən İŞİD terror təşkilatı ilə bağlı məsələlərə münasibət bildirilməsi düşünürəm ki, İƏT-ə üzv ölkələrin xarici siyasətinin əsas istiqamətləridir. Bu təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.

Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü konfransı İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə Tehranda işə başlayıb. Bu konfransda 41 İslam ölkəsindən olan parlament sədrləri, sədr müavinləri və nümayəndələri iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə