YAP cəmiyyətdə rolunu gündən-günə möhkəmləndirir - SƏS TV FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının IX konfransı keçirilib. Konfransda millət vəkili Kamilə Əliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, konfrans nümayəndələri ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Evində öz işinə başlayan konfransı, giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov təşkilatın VIII konfransından ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Nizami Əhmədov qeyd edib ki, Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən, avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi artıq yaxınlaşır: "25 ildə YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrilə, həmçinin, bu gün Prezident İlham Əliyevin sosial-iqtisadi, siyasi və digər istiqamətli işlərində cəmiyyətin səfərbər edilməsində əhəmiyyətli və eləcə də, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynamışdır. 700 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyası, bu müddət ərzində, ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazana bilib".

Nizami Əhmədov hesabat dövrü ərzində partiya üzvlərinin sayının artdığını vurğulayaraq qeyd etdi ki, hal-hazırda təşkilatımızda 4495 nəfər partiya üzvü vardır. Onlardan 2457 nəfəri qadınlar, 1940 nəfəri isə gənclərdir.

Konfransda millət vəkili Kamilə Əliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının demokratik təsisatların formalaşmasında və inkişafında, xalqın sosial rifah halının yaxşılaşmasında, ölkəmizin beynəlxalq aləmdə nufuzunun artmasında xüsusi rola malik partiya olduğunu bildirib. Qeyd edib ki, əldə olunan uğurların, nailiyyətlərin nəticəsidir ki, xalqın YAP-a olan inam və etibarı böyükdür.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev konfransda çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və qururverici tarixi yolundan, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun gündən-günə yüksəlməsindən və əldə etdiyi iqtisadi uğurlardan bəhs edib. Bildirib ki, ümumxalq partiya olan Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır: "Ağır, çətin günlərdə, başlıcası, Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, dövlətimizi xilas etmək məqsədilə sağlam qüvvələr, ziyalılar Ulu Öndərimiz Heydər Əliyevə müraciət etdilər, Ondan Bakıya gəlib xalqı və dövləti bəlalardan xilas etməyi xahiş etdilər. Ulu Öndər Heydər Əliyev xalqla bir olduğunu, dövlətin üzləşdiyi problemlərə biganə qalmadığını Bakıya gəlməsi ilə nümayiş etdirdi".

B.Quliyev Dahi Öndər Heydər Əliyevin xalqın xahişi ilə hakimiyyətə gəlişindən sonra əldə olunan uğurlara tarixi baxış edib: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin həyatında inqilaba bərabər islahatlar həyata keçirildi. Qısa müddətdə sabitliyə nail olundu, əfsanə kimi görünən "Əsrin Müqaviləsi" imzalandı. İqtisadi uğurlar fonunda əhalinin sosial vəziyyəti yaxşılaşmağa başladı, ordu quruculuğu həyata keçirildi, təhsildə və səhiyyədə nailiyyətlər əldə olundu. Bir sözlə, Dahi Öndərimiz dağılmış Azərbaycanın yerində qüdrətli, çiçəklənən, inkişaf edən və beynəlxalq aləmdə böyük nufuza malik Azərbaycan qurdu".

B.Quliyev çıxışında onu da qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətini Onun layiqli siyasi varisi, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev böyük qətiyyətlə və uğurla davam etdirməkdədir.

Konfransda çıxış edən YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Sevil Əsgərova, gənclər birliyinin sədri Elbrus Tağıyev, veteran partiya üzvü Əbdürrəhman Aşurov, şura üzvü Masiko Babacanaşvili qeyd etdilər ki, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev konfransda çıxış edərək son zamanlar Qax rayonunda gedən abadlıq- quruculuq işlərindən, bu istiqamətdə partiya üzvlərinin fəallığından, regionların sosial-iqtisadi inkişafı çərçivəsində YAP Sədri, Cənab Prezident İlham Əliyevin apardığı siyasətdən geniş danışdı.

Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Nizami Əhmədov yenidən YAP Qax rayon təşkilatının sədri seçildi. Həmçinin, rayon təşkilatının 37 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi.

Konfransda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olundu.

loading...