"Gələn il Azərbaycan iqtisadiyyatında daha da böyük rəqəmlər qeydə alınacaq" AÇIQLAMA-ÖZƏL

“Beynəlxalq maliyyə qurumlarının və reytinq agentliklərinin hesabatlarında Azərbaycanın iqtisadi inkişaf dinamikası ilə bağlı açıqlanan rəqəmlər getdikcə daha da müsbətə doğru yaxşılaşmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

2015-2016-cı illərdə xarici iqtisadi amillər səbəbindən kəskin şok yaşandığını deyən ekspert söyləyib ki, lakin son illər ərzində makro-iqtisadi sabitlik möhkəmlənməkdədir: “Makro-iqtisadi sabitlik və inkişaf dinamikasında tədricən daha yüksək templər əldə edilir. Bu mənada Beynəlxalq Valyuta Fondunun açıqladığı göstəricilər heç də təsadüfi xarakter daşımır. 2018-ci ildə ÜDM istehsalında iqtisadi artım baş verdi. Bu artımın cari ildə də davam edəcəyi ilin əvvəlindən proqnoz edilirdi. İlin başa çatmasına iki aydan bir az artıq vaxt var. Ölkə iqtisadiyyatında gedən proseslərə diqqət yetirsək görərik ki, bu ilin sonuna kimi ÜDM-in əhəmiyyətli artımı qeydə alınacaq”.

Növbəti illərə gəldikdə P. Heydərov vurğulayıb ki, 2020-ci ildən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyəyə və Avropaya mavi yanacaq ixrac edəcək: “Beləliklə, ölkəmizdə yeni bir dövr başlayacaq. Enerji resurslarımızın xarici bazarlara çıxarılması baxımından bu layihə bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki TANAP layihəsi ölkəyə böyük valyuta axını gətirəcək ki, bu da öz növbəsində ÜDM-in artmasına səbəb olacaq. Digər tərəfdən, qeyri-neft sənayesində istehsal edilən məhsulların idxal və ixrac əməliyyatlarında müsbət dinamika müşahidə edilir”.

İqtisadçı qeyd edib ki, əgər stabillik davam edərsə, növbəti illərdə göstəricilər daha da arta bilər: “Gələn il Azərbaycan iqtisadiyyatında daha da böyük rəqəmlərin qeydə alınacağını proqnoz etmək olar. Təbii ki, dünya iqtisadiyyatında gedən tendensiyalar və neftin qiymətində hər hansı fövqəladə hadisə baş verməzsə, bu proqnozlar özünü doğruladacaq. Çünki təəssüflər olsun ki, valyuta gəlirlərimizin böyük hissəsi enerji resurslarımızın ixracından əldə olunur. Əgər dünya iqtisadiyyatının artım tempində xüsusi neqativ hallar olmazsa, növbəti illərdə öz göstəricilərimizi daha da artıra bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə