Dövlət büdcəsi ilə bağlı müzakirələr daha geniş spektrdə təşkil olunmalıdır

“Azərbaycanda dövlət büdcəsi ilə bağlı müzakirələr daha geniş spektrdə təşkil olunmalıdır”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.

“Büdcənin icrası ilə bağlı müzakirələrə qeyri-hökumət təşkilatlarını, siyasi partiya rəhbərlərini, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq. Hamı görsün ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”, - deyə V.Əhmədov vurğulayıb.
Vahid Əhmədov millət vəkili seçildiyi Quba rayonunun yol problemlərinin həllindən də danışıb: “Qubanın Qonaqkənd kəndinə sovet dövründə yol çəkilməyib. Rayonda 5 çay var, lakin bu çayların üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son 2 ildə körpülər salınır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə