Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq müzakirələrdə iştirak edir

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin təşkilatçılığı ilə audit fəaliyyətinin effektivliyinin və cəmiyyətə verdiyi əlavə dəyərin ölçülməsində son yanaşmalara və çətinliklər mövzusuna həsr edilmiş müzakirələrdə iştirak etmək məqsədilə İstanbulda səfərdədir.

SİA xəbər verir ki, bu barədə Palatanın mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, tədbirdə 16-dan çox ölkənin Ali Audit Qurumundan və təşkilatdan olan beynəlxalq iştirakçılar təmsil olunur.
Aprelin 18-də tədbirin açılışı olub və Maltepe Universitetinin Mədəniyyət Mərkəzinin konfrans salonunda keçirilən müzakirələrdə açılış nitqi ilə Beynəlxalq Biznes, İqtisadiyyat və Marketinq Cəmiyyətinin (IBEMS) və Konqresin Prezidenti professor Tülin Durukan, Maltepe Universitetinin rektoru, konqresin fəxri prezidenti professor Şahin Karasar, Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş, Türkiyə İqtisadiyyat Bankının Orta və Kişik Biznes üzrə məsləhətçisi professor Tamer Müftüoğlu və Marmara Universitetinin akademiki professor Oktay Güvemli çıxış edib, bu tədbirə göstərdikləri marağa görə bütün iştirakçılara təşəkkürlərini bildiriblər.
Daha sonra əvvəlcədən gündəlikdə müəyyən edilmiş mövzular üzrə təqdimatlar olub. Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Başın moderatorluq etdiyi birinci sessiya zamani dövlət auditinin dəyər və faydaları, bu dəyərin ölçülməsi mövzusunda Maldiv və Serbiya ali audit qurumlarının rəhbərlərinin, Əfqanıstan Ali Audit Ofisinin baş auditorunun müavininin təqdimatları dinlənilib. Daha sonra kənar dövlət maliyyə auditi sahəsində mühüm əhəmiyyət daşıyan mövzular barədə təqdimatlar edilib və müzakirələr aparılıb.
Ümumilikdə müzakirələr 6 istiqamət üzrə sessiyalarda audit fəaliyyətinin əlavə dəyəri və onun ölçülməsi, eləcə də müxtəlif ali audit qurumları və maraqlı tərəflərin nöqteyi-nəzərindən bu sahə üzrə iştirakçıların münasibəti barədə fikir və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...